BAKI, 21 iyun – Sputnik. Dünyada yeni növ koronavirusa yoluxanların sayı 9 milyon nəfərə yaxınlaşır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.
Hesabata əsasən, ötən gün dünyada koronavirusa 113 min nəfər yoluxub, yoluxanların ümumi sayı 8 770 629 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 464 039 nəfəri vəfat edib, 4,34 milyon nəfəri isə sağalıb.
Ölkələr üzrə koronavirusa yoluxanların sayına görə ABŞ liderdir. Bu ölkədə 2 milyon 255 mindən çox insan virusa yoluxub. İkinci yerdə 1 milyondan çox yoluxanla Braziliya gəlir. Üçüncü yerdə isə Rusiyadır 576 min yoluxma. Rusiya həm də Avropada birincidir.
Ölənlərin sayına görə də ABŞ və Braziliya ilk iki yeri bölüşürlər – müvafiq olaraq 119 və 50 min. Üçüncü yerdə 42 min 674 vəfat edənlə Böyük Britaniyadır.