BAKI, 20 iyun — Sputnik. Masallı rayonunun Şərəfə kəndi ərazisində 3 qız itkin düşüb. Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə ötən gün axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.
Dərhal FHN-in müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıblar. FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilib.
FHN Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, qızların valideynləri FHN-in "Qaynar Xətti"nə onların tapılması barədə məlumat verdiklərindən axtarışlar dayandırılıb.
Cenub.az saytının da məlumatına görə, artıq qızlar tapılıblar. 10, 14 və 16 yaşı olan bu qızlar Bakıda yaşayan, Şərəfə kəndindən olan şəxslərin övladlarıdır və kəndə qonaq gəliblər. Axşam saatlarında həmin qızlar Bakıya qayıtmağa qərar veriblər. Onların qonaq qaldığı yer Ələt-Astara yolunun yaxınlığında yerləşib. Qızlar yola çıxaraq Bakı istiqamətinə gedən bir "KamAZ" maşınına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən qızlar həmin maşında aşkarlanıb və valideynlərinə qaytarılıblar.