BAKI, 19 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən növbəti yeni hərbi hissənin açılışında iştirak ediblər.
Müdafiə nazirinə məruzə olunub ki, hərbi hissədə inzibati və xidməti binalar inşa edilərək mühafizə və yanğın siqnalizasiyası, həmçinin daxili rabitə sistemləri quraşdırılıb.
Binada konfrans zalı, arxiv və digər xidməti iş otaqları istifadəyə verilib, onlar lazımi mebel və avadanlıqlarla təchiz edilib.
Bildirilib ki, ərazidə zabitlər və əsgərlər üçün yataqxana binaları inşa olunub, mebel və inventarlarla təmin edilib. Yataqxana binaları iş, məişət, silah, eləcə də digər xidməti otaqlardan ibarətdir.
Hərbi hissənin ərazisində qarovul xidmətinin təşkili məqsədilə qarovul şəhərciyi və qarovul evi də inşa edilib.
Tibb məntəqəsi müasir tibbi avadanlıq, mebel və inventarlarla təmin edilib. Burada stomatoloq, fizioterapiya, prosedur və müalicə üçün digər otaqlar mövcuddur.
Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməkxana binası müasir standartlara cavab verən qazanlar, sobalar, soyuducular və digər məişət texnikası, müvafiq mebel və inventarla təchiz olunub. Yeməkxanada soyuducu kamera otaqlarından ibarət ərzaq anbarı var.
Hamam-camaşırxana-qazanxana kompleksi də müasir avadanlıqlarla təchiz edilib.
Hərbi hissənin inzibati və xidməti binalarının isti su ilə təchizatı üçün nəzərdə tutulan qazanxanada müasir tipli qazanlar və nasoslar, fasiləsiz elektrik enerjisi ilə təminatı üçün isə generator qurğusu və transformator quraşdırılıb.
Ərazidə su təmizləyici qurğu quraşdırılıb, içməli və yanğından mühafizə su anbarları, həmçinin yeraltı su nasosxanası tikilib.
Şəhərcik ərazisinə yaşıllıq zolağı salınıb, müxtəlif növ ağaclar, dekorativ kollar əkilib, ərazidaxili yollara asfalt salınıb.
Hərbi hissəyə yüksək gərginlikli elektrik, əsas su və təbii qaz xətləri çəkilib.
Əraziyə baxış keçirən Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə komandanlığa müvafiq tapşırıqlar verib.