BAKI, 18 iyun — Sputnik. Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirməyə davam edir.
Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan məlumat verilib.
Qeyd edilib ki, təyyarələrin uçuşu cədvəl üzrə həyata keçirilir.
Yeni qaydalara uyğun olaraq yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılırlar.
İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər.
Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılıb. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilərlər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılırlar.
Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: