BAKI, 18 iyun — Sputnik. Dünən Tovuz rayonunda 1993-cü il təvəllüdlü Tacəddin Həsənovu elektrik cərəyanı vurub və o ölüb.
Sputnik Azərbaycan Tovuz Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, daxil olmuş məlumat üzrə dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla T.Həsənovun Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, rayon sakini Rafiq Əliyevə məxsus fərdi yaşayış evində suvaq işləri aparan zaman ehtiyatsızlıqdan elektrik naqillərinin üzərinə su atması nəticəsində elektrik cərəyanı vurmasına məruz qalaraq ölməsi müəyyən edilib.
Hazırda material üzrə araşdırmalar davam etdirilir.