BAKI, 18 iyun — Sputnik. Koronavirusa yoluxma hallarının artdığı Avropa ölkələrinin sayı az qala 3 dəfə - 6-dan 21-ə qalxıb, COVID-19 epidemiyası hələ də əksər ölkələrdə aktiv fazada qalır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu bürosunun direktoru Hans Klyuqe bildirib.
"Bəzi ölkələrdə infeksiyaya yoluxma hallarının azaldığı bir neçə həftədən sonra Avropa regionunda yeni yoluxma halları gündəlik 17-20 min hal ətrafında sabitləşib", - deyə Klyuqe qeyd edib.
Onun sözlərinə görə, Şimali Makedoniya, Ermənistan, Azərbaycan, Özbəkistan və İsrail kimi bir sıra ölkələrdə koronavirusa yoluxma halları artır: "Bəzi ölkələrdə yeni növ koronavirusa yoluxma halları artır".
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,3 milyonu keçib, 448 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.