Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 18 iyun — Sputnik. Baş nazirin bir neçə gün öncə imzaladığı əmrə əsasən, simptomu olmayan COVID-19 xəstələri evdə müalicə alacaqlar. Bu qərar həmçinin xəstəxanada müalicə olunan belə xəstələrə də şamil edilə bilər. Belə olan halda əsas düşündürücü suallardan biri də budur ki, xəstənin COVID-19 xəstəsi kimi qeydə alınmasından 14 gün keçdikdə onun virus ötürücülüyünün qalıb-qalmamasıdır.
Sputnik Azərbaycan da bu suala aydınlıq gətirməyə çalışıb. Qobustan Şəhər Xəstəxanasının direktoru Emin Hüseyn Sputnik Azərbaycan-a bu haqda danışıb:
“14 gün sadəcə olaraq karantin müddətidir, bunun müalicəyə ehtiyacı olan şəxslərə heç bir aidiyyəti yoxdur. Yəni xəstə bir adamla kontaktda olan şəxs karantinə yerləşdirilir və onda bu əlamətlər 14 gün ərzində özünü göstərməlidir. Bu özünü ya kliniki əlamət, ya da yaxmadan götürülən nəticə kimi göstərə bilər. Lakin 14 gün ərzində onda bunlar aşkarlanmazsa, həmin şəxs buraxılır”.
“Lakin yoluxmuş adama gəldikdə isə, bu şəxsin müalicəsi, yəni onda virusun olması 7 gündən 30 günədək də ola bilər. Burada dəqiq demək olmaz ki, müalicə nəticəsində virus həmin insanın bədənindən hansı müddətdə yoxa çıxacaq”, - deyə E.Hüseyn əlavə edib.
Tibb üzrə ekspert Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında nəticələrin pozitiv və neqativ olmasının hər şeyi dəyişmədiyini söyləyir: “Yalnız testin cavabı yetərli deyil. Çünki istənilən analizin həssaslıq, spesifiklik və dəqiqlik adlanan göstəriciləri var. Bu səbəbdən testin müsbət və mənfi olmağı hələ hər şey demək deyil. Müsbət test daha çox COVID-19 virusunun qaldığına bir işarədir. Klinik əlamətlər yoxsa, test müsbətdirsə, belə xəstələr sadəcə olaraq karantinə alınırlar. Test sadəcə olaraq köməkçi və ümumi vəziyyəti göstərən bir müayinə üsulu sayılır. Bundan başqa, belə xəstələrdə PZR (polimeral zəncirvari reaksiya) də aparılır. PZR virusun identifikasiyası üçün aparılır və bu zaman virus yükü də hesablanır. Bahalı müayinə üsulu olduğundan PZR hamıda aparılmasa da, bu müayinənin dəqiqlik göstəriciləri daha yüksəkdir. Bu müayinənin cavabı tez çıxmır”.