Yas yerlərində koronavirusa yoluxmaların çoxalması ciddi narahatlıq doğurur. Təəssüflər olsun ki, xəbərdarlıqlara baxmayaraq, vətəndaşlarımız koronavirusla mübarizədə lazımi məsuliyyət nümayiş etdirmirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, əsasən rayonlarda, kəndlərdə kütləvi şəkildə yas mərasimlərinin keçirilməsi müşahidə olunur ki, burada da çoxlu sayda yoluxmalar baş verir:
“Hesab edirəm ki, bu məsələdə bir neçə istiqamətdə ləngimədən iş aparmaq lazımdır. Ya Qafqaz Müsəlmanları İdarəsi fətva verməlidir, ya vətəndaşlara müraciət etməlidir, yaxud da onların tabeliyində olan din xadimlərinin vasitəsilə yas mərasimlərinin keçirilməsinin məhdudlaşdırılması üçün tədbirlər görülməlidir. Yas mərasimlərində iştirak edən insanların cərimələnməsini doğru hesab etmirəm. Yas yeri elədir ki, burada cərimələr tətbiq etmək olmaz, bu bir az bizim ənənələrimizə uyğun deyil. Amma hər halda yas çadırlarını kirayə verən şirkətlər, şəxslər, mərasim yerlərinin sahiblərinə cərimələr tətbiq oluna bilər”.
Musa Quliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz