İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 14 iyun — Sputnik. Numerologiya elmi, rəqəmlərin insan həyatına təsiri haqqında çox eşitmişdim. Bir qədər araşdırma apardım. Belə başa düşdüm ki, əksər insanlar numerologiya ilə falçılığı, astrologiyanı səhv də salır.
Amma yadıma gəlir ki, hələ uşaq olanda atam bizə əbcəd hesabını öyrətmişdi. Əbcəd hesabı ilə adlarımızın nəyə qadir olduğunu öyrənə bilirdik.
Dünyada cəmi 79 numeroloq var. Onlardan biri də bizim həmyerlimiz, Qafqazın yeganə numeroloqu Xəyal Məmmədovdur.
Xəyal Məmmədovla rəqəmlərin insan taleyinə təsiri, numerologiya elmi və s. mövzularda danışdıq.
Sputnik Azərbaycan Qafqazın yeganə numeroloqu ilə müsahibəni təqdim edir:
- Xəyal bəy, əvvəlcə bizə bir qədər numerologiya elmi haqda məlumat verməyinizi istərdim.
- Numerologiya elminin bir neçə növü var. Pifaqor cədvəli, spiral Fibonaççi, İslam dinində əbcəd hesablaması, yəhudilərdə kabala, Asiyada fen-şuy numerologiya elminin bir növüdür.
Mənim məşğul olduğum numerologiya elminin 4000 il yaşı var. Kökü qədim Misirə dayanır. Bu elm Süleyman peyğəmbərin dövrünə təsadüf edir. O, insanın doğum tarixi və adı əsasında tam olaraq energetik hesablamaya icazə verir. Biz insanı hesabladıqda onun mənfi və müsbət tərəflərini müəyyən edə bilirik.
Mən bu elmi dörd il, 2006-2010-cu illərdə Almaniyada təhsil alaraq öyrənmişəm. Və hələ də öyrənirəm. Təhsilimi bitirdikdən sonra Azərbaycana qayıtmağımın səbəbi Vətənə olan sevgimdən irəli gəlib.
- Xəyal bəy, bir qədər rəqəmlərin insanlara təsirindən danışaq. İnsan ətrafında rəqəmlər kateqoriyalara bölünürmü?
- Bəli, insan ətrafında 3 kateqoriya rəqəmlər var. Birinci kateqoriya insanlara Allah tərəfindən verilir. Bu bizim doğum tariximizdir. Biz dünyaya göz açarkən kimsə bizdən nə vaxt doğulmaq istədiyimizi, ümumiyyətlə doğulub-doğulmamaq istədiyimizi soruşmur. Bu bizə Allah tərəfindən verilən rəqəmlərdir.
İkinci kateqoriya rəqəmlər bizim adımızla bağlıdır. İnsana adlar verilərkən numeroloji anlamını heç kim bilmir. Amma addakı rəqəmlərin sayı bizim ikinci kateqoriya rəqəmlərimizdir. Yəni adda neçə hərf varsa bu rəqəmlərin mənası var.
Üçüncü kateqoriya rəqəmlər isə cəlb olunmuş energetika adlanır. Allahın yaratdıqlarının arasında ən mükəmməli insandır. Bunu hamı bilir. Biz insanların bədənində bütün orqanlar hamısı bir-biri ilə əlaqəlidir. Heç bir həkim deyə bilməz ki, hansısa orqan artıq və ya lazımsızdır. Ancaq insanların bir-birinə enerji ötürdüyü yeganə orqan gözlərdir. İnsanlar göz vasitəsilə bir-birinə mənfi və ya müsbət enerji ötürə bilirlər. Bu səbəbdən də bizim istifadə etdiyimiz rəqəmlər, nömrələr (maşın, telefon nömrəsi, ev nömrəsi) bizim enerjimizdə çox mühüm rol oynayır. Çünki biz nəyi cəlb ediriksə, onu əldə edirik. Nömrəmizə hər zəng ediləndə zəng edən insan bizə o rəqəmi yönləndirir. Avtomobilimizi idarə ediriksə, nömrə ilə bizi tanımış olur. Yəni rəqəmlər bizə belə işləyir.
- Rəqəmlərin içində mənfi olanı varmı?
- Mövcud olan rəqəmlərin içində yeganə mınfi rəqəm sıfırdır. Ümumiyyətlə, sıfır rəqəm kimi qəbul da edilmir. Bu, onluq rəqəmləri hesablamaq üçün qəbul edilən ədəddir. Sıfırın əvvəli və sonu bəlli deyil. Boşluqdur. Yəni sıfırı nəyinsə üstünə gəlib və ya çıxanda heç bir nəticə əldə edə bilməzsiniz. Vuranda, böləndə isə sıfır əldə edərsiniz. Bu səbəbdən də yeganə mənfi rəqəm hər kəs üçün sıfırdır.
Hər-hansı bir insanın doğum tarixi və adındakı hərflərə əsasən numeroloji proqnozlar veriləndə rəqəmlərin çoxu-azı da hesablanır.
Bilirsiniz ki, həyatda nəyinsə azlığının pis olması kimi, nəsə çox olanda da pis olur.
Çünki mənfi ilə müsbət yan-yana olanda mənfi əldə edirik. Bu səbəbdən də insanlar da gərək çoxluqdan uzaq dursunlar.
Yalnız belə hallarda insanlar enerjini tənzimlədikdən sonra istədiklərini fizioloji olaraq əldə edə bilirlər.
Numerologiya inanların ruhunun hesablanması deməkdir.
Məsələn, dinlərin əksəriyyəti insanların reinkarnasiyasını inkar edir. Ancaq numerologiya elminə görə, ruh insan qismində 9 dəfə yaşayır.
Normalda insan həyatı o qədər qısadır ki, insanın bir həyatı boyu etdiyi əməllərə görə cənnətə və ya cəhənnəmə düşəcəyi təyin edilə bilmir. Bu səbəbdən də Yaradan hər bir ruha 9 dəfə şans verir. Və ruh insan qismində 9 dəfə yaşayandan sonra sorğu-suala çəkilir. Allah üçün bütün bəndələri eynidir. Dərinin rəngi, qəbul etdiyiniz din - bütün bunların Allah üçün fərqi yoxdur. Onun üçün əsas bizim əməllərimiz və enerjimizdir və biz enerji və əməllərimizə görə cavab verəcəyik.
Bəzən kiminsə başına pis nəsə gələndə deyirlər ki, valideyninin etdiyini balası çəkir. Bu, boş sözdür. İnsan keçmiş həyatda olan səhvlərinin bu həyatda acısını yaşayır. Yəni keçmiş həyatda səhv etmişiksə, bu həyatda onun əziyyətini çəkəcəyik. Doqquz həyatın doqquzunda da insan əməllərinə fikir verməlidir.
- Axı insan özü hansı həyatda olduğunu bilmir.
- Yox, bunu özü bilmir. Bunu ancaq hesablamadan sonra bilmək mümkündür. Hesablamadan sonra insanın pin-kodunu da müəyyən etmək olur. İnsan doğulanda onun pin-kodu olur. İnsanın delta nöqtəsi var. Bunlar hamısı hesablamalar nəticəsində müəyyən edilir.
Biz birinci və ikinci kateqoriyalı rəqəmlərdən mənfi ala bilmərik. Bu mümkün deyil. Çünki birinci kateqoriyada üstəgəlmə düsturundan istifadə edirik. Bu bütün numerologiya elmlərində eynidir. Yəni olan rəqəmləri üst-üstə toplayırsan. Biz mənfini 3-cü kateqoriyalı rəqəmlərdən alırıq. Məsələn, götürək, sizin istifadə etdiyiniz nömrəni - siz 701 rəqəmi ilə 1 rəqəmini sıfırlayıb, özgüvəninizi itirmisiniz, qərar verəndə tərəddüdlə qərar verirsiniz, görəsən, bunu edim, etməyim? Siz özünüzə inamınızı itirmisiniz.
Bütün hesablar 1 rəqəmi ilə başlayır. Əgər sizin hesabınız başlayanda mənfi ilə başlayırsa, sonra möhkəm ola bilməz. Siz nömrənizi dəyişdirməlisiniz. Ancaq nəyə dəyişdirmək üçün mən bunu hesablamalıyam. Sıfır olmaz.
- Xəyal bəy, el arasında bəzi rəqəmlər var ki, birmənalı qarşılanmır: 13, 666 və s. Bu rəqəmlər həqiqətənmi təhlükəlidir?
- Keçən əsrin 70-ci illərində bəzi qurumlar filmlər çəkməyə başladılar və iddia etdilər ki, 13 nəhs rəqəmdir, 666 isə şeytan rəqəmidir. Xeyr, bu belə deyil. Sadəcə, həmin dövrdə bəzi qurumlar dünyadakı vəziyyəti ələ ala bilmələri üçün bu fərziyyələri insanların beyninə yeritmişdilər. Əslində, 13 müqəddəs rəqəmdir. Çünki bilirsiniz ki, bəşəriyyətdə olan dinlərin hər biri təkallahlılığı qəbul edir. Yəni 1 rəqəmini qəbul edir. Hamı 12 imamın olduğunu bilir. Hamı peyğəmbərləri bilir. 12 imamla təkallahlılığın toplamı 13 edir. Enerjisinə görə 13 müqəddəs rəqəmdir.
666 rəqəminə gəldikdə isə bu rəqəm 6 üzərində qurulub və pula - maddiyyata bağlı rəqəmdir. 1-dən 9-a qədər rəqəmlərin içindən güclüsü 9-dur. Bu rəqəm Allahın rəqəmidir. Bəşəriyyətdə hər şeyi Allah verir - puldan başqa. Pulu insanlar fikirləşiblər. 9-un əksi 6-dır.
666 - hər-hansı bir rəqəm ardıcıllıqla təkrarlananda o, 1 rəqəmə bərabərdir. Yəni 666 - 6 deməkdir. Deyilənlər hamısı fərziyyədir.
Bu gün hamı, bilən də, bilməyən də müəyyən fərziyyələr irəli sürür. Belə olanda bilən də bildiyini yaddan çıxarır. İnsanlar məntiqlə düşünməyi bacarmalıdırlar.
O qədər insan var ki, boş-bekarçılıqdan ağzına gələni danışır. O gün sərt karantin elan ediləndə mənə zəng etmişdilər ki, bu nə deməkdir, ayın 6-sı, 6-cı ay, 6-cı gün. Dedim, heç nə, nə var ki burada? İnsanlar bilmədikləri haqda fərziyyələr danışır, rəvayətlər qururlar.
İnsan çalışmalıdır ki, eyni rəqəmləri deyil, müxtəlif rəqəmləri cəlb eləsin. Məsələn, deyim ki, 5 rəqəmini yığın ətrafınıza, yaxşı olacaq - xeyr, olmayacaq. Həyatda hər şey balanslı olmalıdır. Numerologiya da bu balansı üzə çıxarır.
- Numerologiyanı falçılıqla da eyniləşdirirlər.
- Xeyr, səhv edirlər. Mənim təhsilim var. Hüquqşünasam. Numerologiya ikinci təhsilimdir. 10 illik fəaliyyətim çərçivəsində 7456 nəfərin numeroloji hesablamasını aparmışam. Bu şəxslər təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrindən olublar. Mənim ofisim Moskvadadır. Pandemiya ilə bağlı Azərbaycanda qalmışam.
- Azərbaycanda insanlar hansı məqsədlə müraciət edirlər? Axı bu elm Azərbaycanda o qədər də tanınmayıb.
- İnsanlar adətən dost-tanışlarından öyrənib gəlirlər. Əvvəlcə bu, fal kimi qəbul edilsə də, sonradan başa düşürlər ki, bu elmin falla heç bir əlaqəsi yoxdur. Məsələn, bir A4 kağızı götürüb müraciət edən şəxsin rəqəmlərini yazıram və sizin rəqəmlərin mənasını sizə izah edirəm. Buna fal demək olmaz.
- Xəyal bəy, adlarımız taleyimizə təsir edirmi? Axı adlarımızı da biz seçmirik.
- Adlarımızdakı rəqəmlər bizim taleyimizə təsir edir. Ancaq adda olan hərflərdən insana mənfi gəlmir. Mənfi üçüncü kateqoriyadan gəlir. Seçdiyimiz rəqəmlərdən. Bəli, əvvəllər telefon, avtomobil olmayıb. O dövrlərdə insanların problemləri də az olub.
Ancaq zaman keçdikcə rəqəmlərin enerjisi olmadan yaşamaq mümkün deyil. Çünki hər şey rəqəmsaldır.
- Bizim xalqın ən çox sevdiyi rəqəm hansıdır?
- Mən işlədiyim ölkələrin statistikasını aparmışam. Ən çox sıfırı sevən ölkə Azərbaycandır. Heç bir ölkədə sıfıra bu qədər meyl yoxdur. Siz bu boşluğu – sıfırı seçməklə boşluğa düşürsünüz. Mən Azərbaycanda sıfıra olan sevgini heç yerdə görməmişəm.
Hər bir ölkənin öz energetikası var. Azərbaycanın özündə sıfır rəqəmi çoxluqla mövcuddur. Ona görə də əsrlər boyu digər ölkələrin əsas fikri Azərbaycanı zəbt etmək olub. Bəlkə, elə buna görə də azərbaycanlılar sıfıra meyllidirlər.
- 7 rəqəmi uğurludurmu?
- 7 rəqəmi yeganə rəqəmdir ki, bütün numerologiyalarda mənasını dəyişmir. Uğur, ruzi anlamına gəlir. Bizi buna istiqamətləndirici rəqəmdir. Digər rəqəmlərin numerologiyalarda mənası dəyişir.
Mənə bu günə qədər müraciət edən insanların narazılığı olmayıb. Əsas - insan həyatdan nə istədiyini bilməlidir. Bildikdən sonra rəqəmlərlə istədiyini özünə cəlb edə bilir. Bəzən olur ki, insanlar nə istədiklərini bilmirlər. Belə insanlara kömək etmək çətin olur.
- Yaşımızın bizim taleyimizə təsiri varmı? Məsələn, mənim həyatımda hər 4 ildən bir bir qara zolaq olur.
- Hər bir insanın həyatında qara zolaqlar olur. Hər başlanğıcın bir sonu var. Bu, həyatın yazılmayan qanunudur. Bir gün yaxşı, bir gün pis olur. Söhbət yaxşı və ya pisə bağlı deyil. Söhbət düşdüyümüz vəziyyətdə özümüzü aparmağı bacarmaqdır. Biz bu çətinlikdən çıxa biləcəyikmi? Bizim enerjimiz güclüdürsə, biz o vəziyyətdən çıxa biləcəyik. Amma unutmayın ki, hər qaranlıq gecənin bir nurlu sabahı var.
Bu həyatda əvvəli və sonu bəlli olmayan Allahdır. Qalan hər şey müvəqqətidir. Hər bir şeyin bir əvvəli, bir sonu var. İnsan həyatı çox qısadır.
60 yaş çox az yaşdır. Düşünün, 60 yaşlı insan 20 il yatır, 20 il işləyir, 20 il də özü üçün yaşayır. Bu 20 ilin 10 ilini də başqaları ilə yaşayır. Özünə cəmi 10 il qalır. İnsan həyatı göz qırpımı misalıdır.
Bu səbəbdən də hamıya məsləhət görürəm ki, hər şeyə görə əsəb keçirməyin. Hamı bir-birini yola verməyi bacarmalıdır. Kiminsə haqqına girmək, kiminsə qeybətini etmək bu qısa həyat üçün artıqdır. Biz etdiklərimizin cavabını mütləq verəcəyik. Buna görə də insan gərək ruhunu təmiz saxlasın, buna görə müsbət əməllər etməlidir. Həyatda müsbət ola bilmirsinizsə, mənfi olmayın.