BAKI, 13 iyun — Sputnik. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərin sərnişinləri aviabiletlərini dəyişə və ya ödədikləri məbləği geri ala bilərlər.
Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan məlumat verilib.
Bildirilib ki, AZAL aviaşirkəti Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabilet əldə edən, lakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin aviabiletdən istifadə edə bilməyən sərnişinlərə təkrar müraciət edir.
Qeyd edilən sərnişinlər ləğv edilmiş reyslərə aviabiletləri 7 iyul tarixindən (daxil olmaqla) yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişə bilərlər.
Reysin yerinə yetirilməsindən imtina edildiyi halda aviabiletin dəyəri həmin sərnişinlərə tam həcmdə geri qaytarılacaq.
Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərə aviabiletlər üçün ödənilmiş vəsaiti sərnişinlər Nizami küçəsi 126A ünvanında yerləşən aviaşirkətin xüsusi ofisinə müraciət edərək geri ala bilərlər.
Yeni aviabiletin rəsmiləşdirilməsi üçün callcenter@azal.az elektron poçtu vasitəsilə və ya +99412 4934004, +99412 4937121, +99412 5988880 telefon nömrələrinə zəng edərək aviaşirkətin çağrı mərkəzinə müraciət etmək lazımdır.
Xatırladırıq ki, iyunun 18-dən etibarən AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə reysləri bərpa edir. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.