BAKI, 12 iyun — Sputnik. Demokratlar partiyasından ABŞ-da prezidentliyə namizəd Co Baydenin seçki qərargahı "Facebook" sosial şəbəkəsinə petisiya ünvanlayaraq şirkətdən dezinformasiyanın yayılmasına qarşı tədbirlər görməyi tələb edib.
Sputnik Azərbaycan petisiyanın veb səhifəsinə istinadən xəbər verir ki, Bayden bu tədbirlərin Prezident Donald Tramp da daxil olmaqla, hamıya aid olmasını tələb edib.
"Mən sizi Donald Tramp da daxil olmaqla hər kəsi əhatə edən, eləcə də təhlükəli davranışları və dezinformasiyanın yayılmasını qadağan edən aydın qaydalar yaratmağa çağırıram. "Facebook" hələ də Donald Trampa istədiyi hər şeyi deməyə və onun çirkin bəyanatlarının milyonlarla seçiciyə çatması üçün ödəmələr etməyə imkan verir. Tramp və onun müttəfiqləri "Facebook"dan səsvermə ilə bağlı qorxu və dezinformasiya yaymaq, səslərimizi və seçki qutularını etibardan salmaq üçün istifadə ediblər", - Baydenin petisiyasında deyilir.
Sosial şəbəkə cavabında deyib ki, ABŞ-da qaydaları demokratik seçilmiş dövlət nümayəndələri müəyyən edir.
"Facebook" xatırladıb ki, Trampın da sosial şəbəkəyə qarşı da iddiaları var.
"İki həftə əvvəl ABŞ prezidenti verdiyi sərəncamla federal qurumlardan sosial şəbəkə saytlarının siyasi bəyanatların faktual yoxlanılmasında iştirakının qarşısını almağı tələb edib. Bu həftə demokratların prezidentliyə namizədi bizi əksinə hərəkət etməyə çağıran petisiya təşkil edib", - "Facebook" bəyanatında bildirir.
"Qaydaları xalqın seçdiyi nümayəndələr müəyyənləşdirməlidirlər, biz isə bu qaydalara əməl edəcəyik. Noyabrda seçkilər olacaq və biz siyasi fikirləri müdafiə edəcəyik, hətta qəti şəkildə onlarla razı olmasaq belə", - "Facebook" bildirib.