Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 12 iyun — Sputnik. Azərbaycanda fəaliyyət göstərən əcnəbi həkimlərin sayı çoxaldıqca, onlardan şikayətlərin də sayı artır. Bu sahədə ən böyük problemlərdən biri isə xaricdən gələn həkimlərin Azərbaycanda öz ixtisaslarına uyğun fəaliyyət göstərməməsidir. Bu günlərdə adı bir neçə xəstənin ölümündə hallanan, İran İslam Respublikasının vətəndaşı olan plastik-estetik cərrah Sirus Qoçqaninin cərrah olmadan fəaliyyət göstərdiyinə dair məlumat yayılıb. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, İran səfirliyindən verilən məlumata görə, Sirus Qoçqani cərrah ixtisasına sahib deyil. Azərbaycanda isə bu həkim cərrahiyyə əməliyyatlarını həyata keçirir. F.Mehdiyev əcnəbi həkimlərin ölkədə fəaliyyət göstərməsi üçün aidiyyəti qurumlardan icazə alınmalı olduğunu vurğulayıb:
“Doğrudur, Sirus Qoçqani icazəli şəkildə ölkədə fəaliyyət göstərsə də, bəzi 1 həftəlik, 10 günlük fəaliyyət üçün ölkəyə gələn həkimlərin çoxu üçün bu icazə alınmır. Bu həkimlərin məsuliyyət daşıması hüquqi əsaslarla tənzimlənir. Onlar yerli həkimlərlə eyni məsuliyyəti daşıyırlar. Bu, həm cinayət, həm də mülki məsuliyyətdir. Həkimləri dəvət edən tibb müəssisələri də müvafiq sənədləri yoxlamadan əcnəbi həkimləri işə götürürsə, onda həmin müəssisənin də məsuliyyəti ağırlaşır”.
Sputnik Azərbaycan-ın apardığı kiçik araşdırma zamanı isə bir neçə pasiyentinin həyatına cərrah masasında son qoyduğu iddia edilən Sirus Qoçqaninin Səhiyyə Nazirliyində sertifikasiyadan belə keçmədiyi üzə çıxıb. Bu barədə ətraflı məlumat verməzdən öncə xatırladaq ki, Sirus Qoçqani ölkəmizdə liposaksiya (piy sovurma) kimi ağır, riskli əməliyyatları gerçəkləşdirir. Ötən ilin mayında onun bıçağı altında, əməliyyat masasında Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva dünyasını dəyişib. “Baku Medical Plaza”da baş tutan acı sonluqlu əməliyyatdan sonra Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını günahlandırıblar.
Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altında dünyadan köçən ilk pasiyent deyil. Bundan əvvəl, 2017-ci ilin iyununda Sirus Qoçqaninin liposaksiya əməliyyatına götürdüyü 22 yaşlı model Leyla Oruclu da dünyasını dəyişmişdi. Son ölüm halı isə may ayının 11-də “Baku Medical Plaza”da qeydə alınıb. Qəbələ rayonundan olan 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Onun həkimi də Sirus Qoçqani olub. Məlumata görə, hadisə yerində olan T.Musazadənin anası bildirib ki, bundan öncə də qızı 2 dəfə plastik əməliyyat keçirib. Bu dəfə isə o, xarici görünüşündən narazı olması ilə bağlı növbəti dəfə xəstəxanaya müraciət edib. Onun üzərində gluteoplastika - popo şəkilləndirmə əməliyyatı keçirilib.
Ekspertlər də əcnəbi həkimlərin ölkəmizdə fəaliyyətində çoxsaylı nöqsanların olduğunu söyləyirlər. Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, Azərbaycandakı kimi əcnəbi həkimlərin gəlib sərbəst fəaliyyət göstərməsi dünyanın heç bir yerində yoxdur:
“Hansısa əcnəbi həkim gedib Türkiyədə sərbəst şəkildə hər-hansı bir əməliyyatı keçirə bilməz. Bunun üçün həmin ölkənin vətəndaşı olmaq, ən azı beş il orada çalışmaq lazımdır. Azərbaycanda isə kimliyi, təcrübəsi, savadı bilinməyən əcnəbi həkimlər özəl klinikalara gəlir və əməliyyatlar keçirirlər. Hətta bu həkimlərin reklamları da verilir. Azərbaycanda cərrahiyyə əməliyyatı keçirməyə gələn əcnəbi həkimlərin hər birinin Səhiyyə Nazirliyi tərəfindən sənədləri yoxlanılmalıdır.
İkinci tərəfdən isə bu həkimlərin xüsusi reklamına icazə verilməməlidir. Bu gün ölkəmizə gələn əcnəbiləri peşəkar həkim kimi təqdim etsələr də, bu, əksər hallarda inandırıcı gəlmir. Çünki peşəkar həkimlər öz ölkələrində kifayət qədər tanındıqlarından, yaxşı pul qazandıqlarından, işləmək üçün başqa ölkəyə üz tutmurlar. Ona görə də pasiyentlər bu cür reklamlara inanmamalı, işinin peşəkarı olan həkimlərə müraciət etməlidirlər. Çox təəssüf ki, bu gün klinikalar iş icazəsi almadan əcnəbi həkimləri müqavilə ilə Azərbaycana gətirirlər. O həkimlərin də tibbi təhsili və biliyi yoxlanılmalıdır”.
Qeyd edək ki, əcnəbi həkimlərin ölkəmizdə fəaliyyəti qaydalarına görə, onların diplomları ilk növbədə Təhsil Nazirliyi tərəfindən təsdiq edilməlidir. Daha sonra isə Azərbaycanda fəaliyyət göstərəcək əcnəbi həkim Səhiyyə Nazirliyində sertifikasiyadan keçməlidir. Bundan əlavə, həmin həkimin ölkəmizdə fəaliyyətinə görə onun çalışacağı klinika tərəfindən iş icazəsi alınmalıdır. Bu icazə isə Dövlət Miqrasiya Xidmətindən verilir. Miqrasiya qanunvericiliyinə görə, iş icazəsi əcnəbi həkimlərə yox, onu işə götürənə verilir. Sözügedən həkimin Azərbaycanda iş icazəsi alıb-almadığına gəldikdə isə, miqrasiya qanunvericiliyinə görə, bu barədə məlumat şəxsi məlumat hesab edildiyindən açıqlanmır.
Cərrah olmadığı iddia olunan Sirus Qoçqani ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna Səhiyyə Nazirliyindən cavab olaraq bildirilib ki, əcnəbi həkimlər ölkəmizdə fəaliyyət göstərərkən mütləq sertifikasiyadan keçməlidirlər. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sirus Qoçqani Səhiyyə Nazirliyində sertifikasiyadan keçməyib. Sirus Qoçqaninin fəaliyyət göstərdiyi tibb müəssisəsindən, "Baku Medical Plaza"dan isə artıq Qoçqaninin klinikada işləmədiyini bildirdilər.
Sputnik Azərbaycan-ın Təhsil Nazirliyinə verdiyi sorğuya cavab olaraq bildirilib ki, Qoçqaninin tibbi təhsili olsa da, cərrah ixtisasına yiyələnməyib: "Sorğunuza cavab olaraq bildiririk ki, istifadə rahatlığı məqsədilə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası” istifadəyə verilmişdir. Həmin məlumat bazasından xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri, o cümlədən Ghouchkhani Sirouse barədə məlumat əldə etmək mümkündür. Ghouchkhani Sirouse İran İslam Respublikasında Behişti adına Tibb Elmləri, Sanitar və Müalicə Xidmətləri Universitetində müalicə işi ixtisasında mütəxəssis təhsil səviyyəsinə yiyələnib".