BAKI, 11 iyun — Sputnik. Xanəndə, Xalq artisti Teymur Mustafayev (Teymur əmi) bu gün vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, Teymur Mustafayev 10 aprel 1939-cu ildə Cəlilabad rayonunda anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil alıb.
Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olan T. Mustafayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət göstərib. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarətdir.
Onun ifa etdiyi muğam və təsniflər AzTR Fondunda saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, Ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olub.
Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü idi.
İddialara görə, xanəndə son günlər koronavirus xəstələri üçün ayrılmış "Yeni Klinika"da müalicə alırdı.