BAKI, 11 iyun — Sputnik. "Qarşıdakı həftələrdə müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. O deyib ki, dəyişikliklər pandemiya şəraitində baş verir və bu o deməkdir ki, karantin dövrünün çətinliklərinə baxmayaraq vətəndaşların rahatlığı üçün nəzərdə tutulan tədbirlər təxirə salınmayıb: "Son 20 gündə üç problemli marşrut xətti ilə bağlı mühüm dəyişikliyin şahidi olduq. Sərnişinlərin ən çox şikayət etdiyi 11, 24 və 30 nömrəli marşrut xətləri üzrə norma və standartlara uyğun gəlməyən köhnə avtobuslar müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edildi. 3 marşrut xəttinin dəyişilməsi ilə Bakıxanov, Qaraçuxur, 8-ci kilometr kimi qəsəbələrin müasir avtobuslarla şəhər mərkəzi ilə əlaqələndirməsi təmin edilib. Bunun üçün 3 marşrut xətti üzrə 60-a yaxın avtobus ayrılıb".