BAKI, 11 iyun — Sputnik. Son elmi araşdırmalar koronavirusun zəiflədiyini göstərir ki, bu da payızda pandemiyanın ikinci dalğasının olmayacağına ümid etməyə əsas verir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə italiyalı virusoloq, Milanın Vita-Salute San Raffaele Universitetinin prorektoru Massimo Klementi RİA Novosti-yə bildirib.
"Hələ mayda həkimlərimiz koronavirusla xəstəxanaya yerləşdirilmiş pasiyentlərdə xəstəliyin kəskinliyində proqressiv azalma müşahidə ediblər. Söhbət təkcə xəstələnənlərin sayının azalmasından deyil, həm də intensiv terapiya şöbəsində, xüsusilə də ağ ciyərlərin iltihabı ilə əlaqədar müalicəsi tələb olunan xəstələrin sayının azalmasından gedir. Eyni zamanda evdə müalicə oluna bilən yoluxmuş xəstələrin sayı da artıb", - professor bildirib.
"Apardığımız kiçik bir araşdırmada martın 1-dən 15-dək xəstəxanaya daxil olmuş 100 pasiyenti və mayın ikinci yarısında xəstəxanaya yerləşdirilmiş 100 pasiyenti müqayisə etdik. Məlum olub ki, epidemiyanın ilkin mərhələsində virus yükü (bioloji mayenin müəyyən həcmində virus hissəciklərinin miqdarı ilə hesablanan virus infeksiyasının ağırlıq vahidi – red.) may ayının sonu ilə müqayisədə əhəmiyyətli dərəcədə, 10 dəfə yüksək olub. Bu nəticənin çox böyük əhəmiyyəti var", - alim vurğulayıb.
Klementinin sözlərinə görə, virus yükünün açıq şəkildə azalması ilə müşayiət olunan klinik vəziyyətin yaxşılaşması koronavirusun zəiflədiyini göstərir. "Hələlik biz bunu tam əminliklə deyə bilmərik, amma çox güman ki, bu, məhz belədir", - o bildirib.