Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 11 iyun – Sputnik. Artıq hər iki kəlməmizdən birinə çevrilən COVİD -19 pandemiyası və onun yaratdığı fəsadlar təhsildən də yan ötüşməyib. Ölkəmizdə və dünya ölkələrində məktəblərin bağlanması milli təhsil sistemlərinə ciddi təsir göstərib. İllər keçsə də, bu hadisələr uşaqların xatirəsindən silinməyəcək. Ən çox da məktəbi bitirən 11-cilərin. Çünki 11 ildir səbirsizliklə onlar üçün çalınacaq “son zəng”i gözləyirdilər. “Son zəng”in maraqlı keçirilməsi, əyləncəli gecələrin təşkili ilə bağlı nə planlar qururdular. Lakin, koronovirus pandemiyası 11-cilərin planlarını alt-üst etdi. Onlar məktəbin həyətinə toplaşa, “Son zəng”i qeyd edə bilməyəcəklər.
Təhsil Nazirliyinin qərarı ilə “Son zəng” tədbirlərinin onlayn şəkildə keçirilməsinə icazə verilib. Bununla bağlı olaraq, Siyəzən rayonu, Böyük Həmyə Kənd orta məktəbində ayın 12-də onlayn son zəng tədbiri təşkil ediləcək. Bu barədə Sputnik Azərbaycan-a məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə Güləliyeva məlumat verib.
“Hər kəsə məlumdur ki, pandemiya ilə əlaqədar məktəblərdə təhsil mart ayından dayandırılıb. Bununla əlaqədar olaraq, “Son zəng” tədbirlərinin keçirilməsinə qadağa qoyulub. Lakin biz mayın 12-də Təhsil Nazirliyinin yaratdığı “Virtual məktəb” layihəsinə uyğun olaraq , virtual şəkildə son zəngi qeyd edəcəyik. Çalışacağıq ki, az da olsa şagirdlərə o sevinci yaşada bilək. Tədbir Azərbaycan Dövlət Himni ilə başlayacaq. Daha sonra şagirdlərin ifasında mahnılar, şeirlər dinləniləcək. Məktəbimizin müəllimləri şagirlərimizə öz arzu və istəklərini bildirəcəklər. 11-ci siniflər bu il də tədbirə keçən illərdəki kimi həvəslə hazırlaşırlar. Çalışacağıq ki, virtual son zəng heç də real son zəngdən geri qalmasın”, - deyə Səbinə müəllimə bildirib.
Onbirincilərin sinif rəhbəri Lalə Məmmədova isə əməkdaşımıza deyib ki, bu vəziyyətə görə müəllimlər də ən azı şagirdlər qədər kədərləniblər. Amma o, ruhdan düşmədiyini, virtual da olsa, tədbirin yaxşı keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildirib:
“Məni və şagirdlərimi ən çox kədərləndirən bu şəkildə ayrılmağımız oldu. Beş ildir ki, uşaqlarla birlikdəyəm. Bizim xəyallarımız böyük idi. Ayrılığımızı da belə düşünmürdük . Bu ayrılıq ağır oldu. Hətta şagirdlər arasında kövrələn, öz aralarında “niyə axı biz?” sualını verənlər də oldu. Bu uşaqların psixologiyasına da təsirsiz ötüşmədi. Şagirdlər arasında oğlanlardan çox bu vəziyyətə üzülən qızlar oldu.”
“Amma nə etməli? Bu vəziyyət təkcə bizdə deyil, bütün dünyanı əhatə edir. Biz də dövlətin qoyduğu tələblərə əməl edərək, onların dediyi formada tədbiri keçirmək məcburiyyətindəyik”, - deyən Məmmədova əlavə edib ki, buraxılış sinfinin şagirdləri artıq son zəngə aid paltarlarını, aksessuarlarını alıblar və tədbirə həvəslə hazırlaşırlar.
Məktəbin onbirinci sinif şagirdi Leyla Zeynalova isə deyib ki, bu il son sinifdə olduğu üçün 2019-2020-ci tədris ilinə böyük ümidlər bağlayıb. Təəssüf ki, arzuları ürəyində qalıb.
“Bu il məktəblə vida ilimizdir. Uşaqlar arasında arzu-istəklərimizi bölüşüb, “Son zəng”in xəyallarını qururduq. Mart ayında təhsilin dayanması və bu vəziyyətin təhsil ilinin sonuna qədər davam etməsi arzularımızın qismən puç olmasına səbəb oldu. Təhsilin dayandırılması təkcə tədbirlərə görə yox, qəbul imtahanı verməyimizə də mənfi təsir göstərdi. Aylardır repetitor yanına gedə bilmədik. Bu da bizdə ruh düşkünlüyü yaratdı. Düzdür, müəllimlərin dəstəyi ilə bu günlərin öhdəsindən gəlməyə çalışdıq. Son zəng bizim o məktəbdə keçirəcəyimiz son gün olacaqdı. Bu da olmadı. İndi var gücümüzlə imtahanlara hazırlaşırıq. İnanırıq ki, son zəngimiz real şəkildə olmasa da, universitetlərə qəbul olunub, oranı bitirəndə “məzun günü”nü qeyd edəcəyik”, - deyə Zeynalova bildirib.
Bu ili sinif yoldaşları ilə birlikdə başa vurmayan daha bir şagird Əsgərova İlkanə də öz fikirlərini bizimlə bölüşüb: “Bütün dünyanı caynağına alan bu pandemiyanın mənfi təsirindən biz də payımızı aldıq. Düşünürdük ki, biz başqa məzunlardan fərqli olaraq tarix yazacağıq, maraqlı və yadda qalan, qeyri-adi son zəng proqramı hazırlayacağıq. Amma arzumuz gözümüzdə qaldı. Əvvəl bu bizə pis təsir edirdi, sonra yavaş-yavaş vəziyyətlə barışmalı olduq. İndi biz sözün həqiqi mənasında “qeyri-adi” - onlayn son zəng keçirəcəyik. Bununla təsəlli tapsaq da, düşündükcə kövrəlirik”.