Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bəla üzərində pul qazananlar – Taxdığımız hər maska virusdan qorumurmuş

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
Çox təəssüf ki, bu gün apteklərdə Çin istehsalı olan, qoruyucu funksiyası olmayan məsaməli maskalar satılır. Mütəxəssislər də bildirir ki, bu maskaların virusdan qorunmaqda heç bir səmərəsi yoxdur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib. ÜST-ün Azərbaycan nümayəndəliyindən verilən məlumatda bildirilib ki, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır. Bununla ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib. ÜST-ün təlimatında maskaların keyfiyyəti də yer alıb. Təşkilat virusdan qorunmaq üçün üçqat maskalardan istifadəni tövsiyə edib.

Qeyd edək ki, üçqat maskaların koronavirusdan qorunmaqda rolu dəfələrlə infeksionistlər tərəfindən də vurğulanıb. Tibb işçiləri COVID-19 xəstəliyinə yoluxmamaq üçün toxunmamış parçadan hazırlanan maskalardan istifadəni tövsiyə edirlər.

Bəs görəsən, Azərbaycanda virusdan qorunmada daha effektli hesab edilən üçqat maskalar satılırmı? Sputnik Azərbaycan ölkəmizdə maskaların keyfiyyətini araşdırıb.

© Sputnik / Zulfiyya GuluyevaAzərbaycanda istehsal olan maska
Bəla üzərində pul qazananlar – Taxdığımız hər maska virusdan qorumurmuş - Sputnik Azərbaycan
Azərbaycanda istehsal olan maska

Qeyd edək ki, istifadəsi bir sıra yerlərdə qanunla məcburi olduğu gündən tibbi maskalar apteklərdə yenidən qəhətə çəkilib. Hazırda apteklərdə satılan maskaların keyfiyyətinə gəlincə, əczaçılar bu barədə onlarda məlumat olmadığını söyləyirlər. Səbail rayonunda yerləşən "Məsumə" aptekinin satıcısı Fidan Həsənova bildirir ki, onlara verilən maskaların topdansatış qiymətindən xəbərsizdir: “Biz maskanın bir ədədini 30 qəpiyə satırıq. Nə dərəcədə keyfiyyətli olduğunu istehsalçı bilər. Biz malı istehsal etmədiyimiz üçün bu maskaların insanları koronavirusdan qoruyub-qorumadığını da söyləyə bilmərik. Amma bəzi maskaların qiymətinə görə fərqlənir. Bizə bir neçə növ maska verilir. Elə maskalar var ki, qiyməti topdansatışda 40 qəpikdir. Biz onu 50 qəpiyə satırıq. Deyilənə görə, o maskalar üçqat olduğu üçün qiyməti bir qədər bahadır".

Digər apteklərdən də maskaların keyfiyyətinin qiymətinə görə fərqləndiyini söylədilər. "Nicat" aptekin satıcısı Vüsal Seyidov bildirir ki, üçqat, toxunmamış maskalar daha keyfiyyətli olsa da, qiyməti bir qədər bahadır: "Alıcılar onu çox almadığı üçün biz də tələbat olan 30 qəpiklik maskalar satırıq. Amma bildiyim qədər üçqat maskalar virusdan qorunmaqda daha effektlidir. Mən özüm də alanda ailəmiz üçün üçqat maska alıram".

© Sputnik / Zulfiyya GuluyevaAzərbaycanda istehsal olan maska
Bəla üzərində pul qazananlar – Taxdığımız hər maska virusdan qorumurmuş - Sputnik Azərbaycan
Azərbaycanda istehsal olan maska

Amma satıcı depolardan onlara əsasən topdansatışı 10-20 qəpik olan maskaların verildiyini də gizlətmədi: "Üçqat maska Azərbaycanda maska zavodunda istehsal olunur. Amma depolar bizə həmin məhsulu vermirlər. Özlərinin dediyinə görə, yerli maskanı satmaq onlara sərf etmir. Çin istehsalı olan maskalar daha ucuzdur. Buna görə də, əsasən satışda həmin maskalardandır".

Azərbaycanda ilk tibbi maska istehsalı zavodunun, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin direktoru Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında üçqat maska istehsal etdiklərini təsdiqlədi. Həmsöhbətimiz bildirdi ki, hazırki virusla müharibədə gigiyenik qoruyucu qatı olan maskalardan istifadə edilməlidir: "Bizim müəssisəmiz ÜST-ün tövsiyə etdiyi toxunmamış parçadan olan üçqat maskaları istehsal edir. Bu maskanın orta qatı virusu tutub saxlamaq qabiliyyətinə malikdir. Üçqat maskanın orta qatı həm çöldən gələn virusun içəri, həm də ağızda virusun çölə çıxmasını əngəlləyir. Düz 4 saat bu maska insandan başqasına, ətrafdakılardan bu maskanı taxan şəxsə virusun keçməsinin qarşısını alır. Bugünkü müharibədə məhz virusdan qorunmaq üçün maskalar effektlidir. Ona görə də biz xammalı çox baha olmasına baxmayaraq, məhz qoruyucu qatdan istifadə edirik. Çox təəssüf ki, bu gün apteklərdə Çin istehsalı olan, qoruyucu funksiyası olmayan məsaməli maskalar satılır. Mütəxəssislər də bildirir ki, bu maskaların virusdan qorunmaqda heç bir səmərəsi yoxdur. Amma insanlarımız məlumatlı olmadığından və qiyməti 10 qəpik ucuz olduğundan məsaməli və qoruyucu gigiyenik qatı olmayan maskalar alıb taxırlar".

© Sputnik / Murad OrujovMaska istehsalı
Bəla üzərində pul qazananlar – Taxdığımız hər maska virusdan qorumurmuş - Sputnik Azərbaycan
Maska istehsalı

Zavod direktoru deyir ki, onların istehsal etdikləri üçqat maskaların topdansatış qiyməti 40 qəpikdir. Çox təəssüf ki, depolar bu maskaları almağa maraq göstərmirlər: "Çünki onlar əhalinin sağlamlığını yox, öz qazanclarını düşünür. Çin istehsalı olan maskaların satışından daha çox qazanc əldə edirlər. Biz isə ölkə əhalisinin sağlamlığının qorunması, virusdan müdafiəsi məqsədilə istehsala başlayan bir zavodda belə maskalar istehsal edə bilmərik. Əhalini də səsləyirəm ki, maska alanda üçqat maska olub-olmadığını yoxlasın. Bizim istehsal etdiyimiz maska qutularının üzərində üçqat olduğu qeyd edilir".

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev də üçqat maskaların koronavirusla mübarizədə daha effektli olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, koronavirus hava-damcı infeksiyası olduğu üçün bu virusdan qorunmaq üçün toxunmamış parçadan hazırlanmış maskadan istifadə zəruridir: "Əgər insan hələ koronavirusa yoluxmayıbsa, mütləq məsaməsiz, toxunmamış parçadan hazırlanan üçqatlı maskadan taxmalıdır. Bu maska adi maskalarla müqayisədə insanı virusdan daha yaxşı qoruyur. Hətta yanında xəstə insan varsa, bu maska onun nəfəsində çıxan virusun keçməsinə imkan vermir. Çünki üçqatlı maska toxunmamış parçadan olduğundan, virus məsamə tapa bilmədiyindən keçə bilmir. Üstəlik orta qatın gigiyenik və qoruyucu effektinin olması virusu tutub saxlayır. Ona görə də biz də tövsiyə edirik ki, koronavirusdan qorunmaq üçün keyfiyyətli, üçqat maskalardan istifadə edilsin. Artıq bu virusdan ölənlərin sayı ölkəmizdə 100-ə yaxınlaşır. Bu kifayət qədər narahatlıq doğuran rəqəmdir. Hər birimiz özümüzü qorumaq üçün mütləq maska taxmalıyıq. Əgər üçqatlı maska yoxdursa, digərlərindən də istifadə etmək olar. Çünki virusdan müdafiədə tibbi maska taxmaq, sosial məsafə saxlamaq və əllərin gigiyenasına əməl etmək əsas şərtdir".

Xəbər lenti
0