İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 10 iyun — Sputnik. Rusiya Federasiyasının İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) heyvanlarda koronavirusun əlamətlərini sadalayıb. Məlumata görə, virus özünü pişiklərdə insanda olan əlamətlər - qızdırma, asqıraq, öskürək və burun axması ilə büruzə verir. İtlərdə isə virus simptomsuz keçir.
Heyvanlardan insana koronavirusun keçməsi isə mübahisəli məsələdir.
Veterinar-həkim Rəşad Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus hələ öyrənilməmiş bir virus olduğuna görə virusun hər şeydən keçə bilmə ehtimalı ola bilər: “Yəni hələ virusun xüsusiyyətləri, mutasiyaya uğradıqdan sonra yarana biləcək keyfiyyətləri barədə məlumatsızıq. Bu səbəbdən ev heyvanları saxlayan vətəndaşlar da diqqətli olmalıdırlar. Heyvanları gəzməyə çıxararkən onların viruslu səthlərə toxunmayacağına kimsə zəmanət verə bilməz. Buna görə də bir çarə düşünmək lazımdır”.
Həkim bildirir ki, ev heyvanları, xüsusilə qayğı görən ev heyvanları virusa daha tez yaxalana bilər.
“İt-pişik küçədə yaşayırsa, onların orqanizmi həmin mühitə öyrənmiş olur. İstənilən xəstəliyə qarşı davamlı olur, bəzən heç yoluxmurlar da. Ev heyvanları isə sağlam mühitdə yaşadıqları və qayğı gördükləri üçün daha həssas olurlar. Və xəstəliklərə daha tez yoluxurlar”, - deyən həkim heyvanların xəstəliklərdən qorunmasının çətin olduğunu deyir.
Hələ ötən ilin əvvəllərində Çinin Uhan əyalətində koronavirus yayılmağa başlayanda bir çox sakinlər ev heyvanlarından imtina edərək, onları küçələrə buraxmışdılar.
Azərbaycanlı veterinar isə deyir ki, çalışın, ev heyvanlarını çox parka-küçəyə çıxarmayın, hava almasını istəyirsinizsə, balkona çıxarın. Çünki heyvanların evə gətirdiyi virus və mikrobları təmizləmək, onların qarşısını almaq daha çətindir.
Ötən ilin sonlarından başlayaraq, ümumi vəziyyətə nəzər salanda koronavirusdan qorunmaq üçün vətəndaşların heyvanlarını müxtəlif sığınacaqlara verdikləri də məlum olur.
Baytar ev heyvanı saxlayan vətəndaşlara tövsiyə edir ki, ev heyvanları parka-küçəyə çıxarılırsa, evə gəldikdən sonra onları yuyundurmaq lazımdır. Amma bu da yoluxma riskini azaltmır. Ev heyvanı saxlayan şəxs evdə maska ilə gəzmək məcburiyyətində qalacaq. Çünki heyvanın harada, necə yoluxduğunu bilməyəcək.
Ən yaxşısı isə müəyyən müddət heyvanları çölə buraxmamaqdır. Bu isə çətin məsələdir.
Bakı sakini Dilarə Abdullayeva pişik saxlamağı sevir. Deyir ki, pişik saxlamaq ona mənəvi rahatlıq verir: “Əsəbi olanda sığallayırsan, tənha qalanda danışırsan, bəzən qucaqlayıb yatırsan da. Mən heç vaxt öz heyvanımdan imtina edə bilmərəm. Hətta bundan əvvəl bir pişiyim vardı. Onu maşın vurdu. O öləndən sonra özümü o qədər pis hiss edirdim ki... Buna isə yeni öyrəşmişəm. Bina evində qaldığımız üçün çölə-bayıra buraxmıram. Hansısa xəstəliyə yoluxacağını da düşünmürəm”.
57 yaşlı Nailə Məmmədova isə evində it saxlayır. Deyir ki, koronavirus yayılmamışdan öncə, hər gün axşam heyvanını gəzməyə aparırmış. İndi isə nə özü çox çıxır, nə də heyvanını aparır: “Vallah, düzü, yaşlı adamam, qorxuram yoluxaram. Nə özüm çıxıram, nə də heyvanı buraxmıram. Ara-bir balkona çıxarıram. Amma bilirsiniz ki, itlər açıq havada gəzməyi çox sevir. Və evdə uzun müddət qalanda ulamağa başlayır. Bunun üçün bacardığım qədər çalışıram, eyvana çıxarım”.
N.Məmmədova heyvanından nə olursa-olsun imtina etməyəcəyini deyir. Düşünür ki, belə vəziyyətdə ev heyvanını sığınacağa vermək onu kimsəsiz buraxmaqdır.
Qeyd edək ki, sərt karantin rejimində vətəndaşlara ev heyvanlarını, itlərini istədikləri vaxt gəzdirməyə iyunun 9-da icazə verilib. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. O əlavə edib ki, ancaq bu sərbəstlikdən sui-istifadə olunmamalıdır.