İlham Mustafa, Sputnik Azərbaycan
Dövlət İmtahan Mərkəzi iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.
İmtahanlar ölkənin 39 şəhər və rayonunda ümumilikdə 197 imtahan binası, 3 284 imtahan zalında keçirilib.
İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4 266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi cəlb olunub.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməli olublar.