BAKI, 10 iyun — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Nazirlər Kabinetinin iclasında irqçiliyi pisləyib və onu "respublika universalizminin xəyanəti" adlandırıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Sibet Ndiyay bildirib.
"Respublika prezidenti giriş sözündə son bir neçə gün ərzində baş verən manifestasiyalara toxunub", - o bildirib.
Onun sözlərinə görə, Makron irqçiliyi "bütün cəmiyyətə təsir edən xəstəlik" adlandırıb və qeyd edib ki, "bu bədbəxtlik respublika universalizminin xəyanətidir". Dövlət başçısı ölkə hakimiyyətini bu məsələ ilə bağlı sərtlik nümayiş etdirməyə və ayrı-seçkiliyə qarşı mübarizə işini gücləndirməyə çağırıb.
Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılan zaman ölməsindən sonra ABŞ şəhərlərini, sonra isə dünyanın bir sıra ölkələrini zorakılığa və irqçiliyə qarşı etirazlar və iğtişaşlar bürüyüb. İnternetdə yayılmış videogörüntülərdə polislərin Floydu qandallayaraq yerə yıxdığını və Derek Şovin adlı polis əməkdaşının onun boynunu dizi ilə yerə sıxdığını görmək olar. Floyd isə bu zaman bir neçə dəfə nəfəs ala bilmədiyini deyir. Şovin qətl törətməkdə, digər üç polis əməkdaşı isə cinayətə kömək etməkdə ittiham edilir.
Parisdə və Fransanın digər şəhərlərində irqçilik və polis zorakılığına qarşı artıq bir neçə aksiya keçirilib. Xüsusilə iyunun 2-də Fransa paytaxtının küçələrinə 20 minə yaxın insan çıxıb. Bəzi manifestasiyalar iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunub.