BAKI, 9 iyun — Sputnik. “Toylarla bağlı əvvəlki qərar qüvvədədir”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, toyların keçirilməsinə hələ ki, icazə verilmir.
Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi qərarla 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.
Həmçinin qərara görə, kütləvi yoluxma hallarının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi müddətində respublika üzrə ictimai yerlərində, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağanına ciddi əməl olunmalıdır. Qoruyucu vasitələrdən istifadə edilməsi qaydalarına da ciddi əməl olunması tələb edilir.
COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.