Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 9 iyun — Sputnik. Ermənistanda ötən gün güc strukturlarının (Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi və Ermənistan Polisinin rəisi) rəhbərlərinin gözlənilməz istefaları hələ bu ölkənin gündəmini çox zəbt edəcək. Vəziyyət o yerə çatıb ki, bu gün Ermənistan parlamentində hakim partiyadan sonra ikinci güc, müxalif partiyanın lideri Qaqik Tsarukyan Baş nazir Nikol Paşinyan və onun hökumətinin istefa verməli olduğunu bildirib. Görünən odur ki, qonşu ölkəni yaxın həftələrdə daha qızğın siyasi gündəm, proseslər gözləyir. Təbii ki, Ermənistanda baş verənlər Bakıda, Azərbaycanda diqqətlə izlənilir. Sputnik Azərbaycan Ermənistandakı son durumla bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovla həmsöhbət olub.
Təhlil Mərkəzinin eksperti xatırladıb ki, Nikol Paşinyan hakimiyyətə gələndən indiyə qədər məhz güc strukturlarında özünə bağlı və sədaqətli kadrları yerləşdirə bilməyib və ya belə kadrlar tapa bilməyib:
"Dünən baş verənlər Paşinyanın hakimiyyəti dövründə güc strukturları ilə bağlı Nikol Paşinyanın üzləşdiyi ilk problem deyil. 2019-cu ildə təyinatından sonra cəmi bir il çalışan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan və ölkənin Polis rəisi Valeri Osipyan vəzifələrindən istefa verdilər. Ondan sonra Nikol Paşinyana qarşı qatı müxalifət mövqeyinə keçmiş Vanetsyan və Baş nazir arasında qarşılıqlı müxtəlif korrupsiya ittihamları mətbuatın gündəmindən düşmür".
Fuad Çıraqov qeyd edib ki, təhlükəsizlik və güc strukturlarının özünəməxsusluğu var, güc strukturlarında rəhbər vəzifələrə sadəcə olaraq şəxsi sədaqət prinsipi əsasında deyil, həmçinin həmin sahələrdə təcrübə və peşəkarlıq əsasında olması da zərurətdir: "Görünən odur ki, Nikol Paşinyan bu cür kadrların yetişməsi və ortaya çıxması üçün zaman baxımından kifayət qədər hakimiyyət olimpində qala bilməyib və bu strukturlarda hələ də Baş nazirin çox qorxduğu keçmiş hakimiyyətin kadrları müxtəlif vəzifələrdə qalmaqdadır.
Mayın əvvəlindən Paşinyanın yeni DTX rəisi 29 yaşlı Arqişti Kərəmyanla bağlı təyinatları Baş nazirini qanunvericilikdə qeyd edilən formal tələbi yerinə yetirmək üçün hazırlıq işini və onu bu vəzifəyə gətirilməsinin hazırlığını göstərirdi. Belə ki, cari ilin mayın 4-də Baş naziri A. Kərəmyanı bir gün ərzində Dövlət Nəzarət Komitəsinin müavini (eyni sədri vəzifəsini icra edən) postundan azad edərək iki vəzifəyə təyin etdi - Təhqiqat Komitəsinin müavini və Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşı vurğulayıb ki, Ermənistanda artıq inqilabi eyforiya bitməkdə, Paşinyana əvvəlki yüksək dəstək azalmaqdadır:
"Hər ay Baş nazir və onun yaxınlarının müxtəlif korrupsiya sxemlərində iştirakı, ailə üzvlərinin bahalı həyat tərzi ilə bağlı yeni-yeni məlumatlar mətbuatda işıqlanır, insanlarda getdikcə məyusluq hissi artır və belə şəraitdə Paşinyana hakimiyyətini qorumaq üçün sədaqətli güc strukturları lazımdır".
Fuad Çıraqovunun fikrincə, Nikol Paşinyanın azalan nüfuzunu bu təyinatlar heç bir şəkildə bərpa edə bilməz: "Paşinyanın nüfuzunu yalnız hakimiyyətə gəldiyi dövrdə verdiyi qeyri-real vədlərin yerinə yetirilməsi və insanların sosial-iqtisadi vəziyyətinin əvvəlki hakimiyyətlə müqayisədə hissediləcək dərəcədə yaxşılaşdırılması bərpa edə bilər. Yeni təyinatlar istər ölkə daxilində, istərsə də xaricində birmənalı qarşılanmayacaq, əks tərəfin müqaviməti və yəqin ki, hansısa cavab addımları ilə üzləşəcək".