Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 8 iyun — Sputnik. İyunun 6-da Bərdə şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən “Fərid“ aptekin sahibi ilə İctimai Televiziyanın çəkiliş qrupu arasında insident baş verib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, insidentə səbəb İTV çəkiliş qrupunun koronavirus pandemiyası dövründə əhalinin maska ilə necə təmin olunması və qiymətlərlə bağlı apteklərdəki vəziyyətə dair reportaj hazırlamaq istəməsi olub.
İTV-nin bölgə müxbiri Şöhrət Eyvazovun bildirdiyinə görə, o, operator Vüsal Quliyevlə birgə iyunun 6-da, saat 17:30-da əhalinin maska ilə təmin olunması barədə reportaj hazırlamaq üçün “Fərid“ aptekə daxil olub, sorğu keçirmək istəyiblər. Onların peşə fəaliyyətini yerinə yetirmək istəklərini aptek sahibi İsax Cəfərov aqressiya ilə qarşılayıb. Aptek sahibi jurnalistə qarşı qışqır-bağır salaraq əl-qol atmağa başlayıb və kameranı sındırmaqla hədələyib. Münaqişə nəticəsində jurnalistin sifətinə yumruq zərbəsi endirib.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə iş açılıb. Araşdırma aparılır.