BAKI, 8 iyun — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi və "Meliorasiya və Su Təsərrüfatı" ASC suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə birgə məlumat yayıb.
Ölkə ərazisində mövcud su qıtlığı və su anbarlarında yaranmış vəziyyət suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etməyi tələb edir.
Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadə üçün bu sahədə bütün maraqlı tərəflər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalçıları cəlb edilməklə suvarma qrafikləri tərtib olunmalı və sudan istifadə həmin qrafiklər əsasında həyata keçirilməlidir.
Suvarma qrafikləri su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında tərtib olunmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarının suvarma suyu ilə təchizatının yaxşılaşdırılmasına xidmət edir.
Odur ki, bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarından fəaliyyət göstərdikləri inzibati ərazi üzrə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələrinə və Sudan İstifadəedənlər Birliklərinə (SİB) müraciət edərək suvarma qrafiklərinin tərtib olunmasında fəal iştirak etmələri tələb olunur.
Suvarma qrafiklərini kənd təsərrüfatı məhsullarının istehsalçıları imzaladıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələri və Sudan İstifadəedənlər Birlikləri təsdiq edir. Təsdiqlənmiş suvarma qrafikləri Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında (www.agro.gov.az/qrafik) inzibati ərazi vahidləri üzrə qruplaşdırılaraq yerləşdirilir. Suvarma qrafiki həmin internet saytında yerləşdirildikdən sonra tətbiq edilir.