İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 7 iyun — Sputnik. Mayın 26-da çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib.
Belə ki, göstərişlərə üzgüçülük hovuzları və akvaparkların girişləri termometrlə təmin edilməli, simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdır.
Eyni zamanda fiziki məsafənin qorunması da nəzərdə tutulub.
Göstərişlərə görə, çimərlik və hovuzlarda quraşdırlacaq çətirlərin oxlarının arasında minimal məsafə 4m, insanlararası fiziki məsafə isə ailə üzvləri istisna olmaqla 2 metr olmalıdır.
Sputnik Azərbaycan bir neçə çimərlik ərazidə olaraq bu metodiki göstərişlərə necə əməl olunduğunu araşdırıb.
Çimərlik mövsümü iyunun 15-dən açıldığı üçün hazırlığa indi başlanılır.
Şıx çimərliyinin el arasında "xalq çimərliyi" adlandırılan ərazisində təmizlik, abadlıq işləri aparılır. Ərazidə olan məişət tullantıları təmizlənir, çətirlərarası məsafə artırılır. Qeyd edək ki, hazırda Şıx çimərliklərinin bəzilərinə daxili qoşunların əməkdaşları nəzarət edir və vətəndaşlar hələ içəri buraxılmır.
Şıx çimərliyi ərazisində olan özəl istirahət mərkəzlərində də hazırlıqlar aparılır.
İstirahət mərkəzlərindən birinin adminstratoru Elvin Mirzəyevin sözlərinə görə, karantin dönəmindən sonra işə başlamaq çətindir. Çünki işlər həddən artıq çoxdur, onların vaxtında həyata keçirilməsi üçün planlaşdırma aparmaq lazımdır: "Hələ nədən başlayacağımızı bilmirik. Qaydalar təsdiqlənib, göstərişlər verilib. Amma nəzərə alaq ki, aylardır fəəaliyyət göstərmirik, bu da büdcəyə zərərdir. Bi tədbirlərimizi göstərişə əsasən həyata keçirəcəyik. Vətəndaşların bunu necə qarşılayacağı maraqlıdır. Çünki çətirlərarası məsafənin 4, insanlararası məsafənin isə 2 metr olması adam tutumunu azaldacaq. Az tutum isə, qiymətin bahalaşması ilə nəticələnə bilər".
Zağulba dəniz kənarında isə hələ ki, bir restoran fəaliyyətə başlayıb. Çimərlik üçün çətirlərin hazırlanması hələ planlaşdırılmır.
İcarədarlar deyir ki, hələlik saat 22.00-yədək fəaliyyət göstərirlər. "İyunun 15-dən çimərlik mövsümü açıq elan edilir. Amma biz hələ hazır deyilik. Çünki bizi nə gözlədiyini bilmirdik. Bizim ərazimizdə çətirlər əvvəldən olmayıb, stollar, kotteclər qoymuşduq. Ancaq onların məsafəsi bir-brinə yaxındır. Yəqin ki, saylarını azaldıb, elə fəaliyyət göstərəcəyik", - deyə Zağulba çimərliyi ərazisində fəaliyyət göstərən restoranın sahibi bildirib.
Novxanı ərazisindəki çimərliklərin əksəriyyəti özəl istirahət mərkəzləri olduğundan, sahibkar və icarədarlar artıq hazırlığa başlayıblar. Çətirlər qurulur, tələb edilən dizenfeksiyaedici məhsulların tədarükü görülür.
"Biz əslində veriləcək qərarı gözləyirdik. Təbii ki, verilən göstəriş qanundur və biz buna əməl etməliyik. Bəli, bu üsulla bəlkə daha az müştəri qəbul edə biləcəyik. Amma əsas olan insanların sağlamlığıdır. Ölkəmiz pandemiya ilə mübarizə apardığı ağır günlərdə, yer davası, məsafə davası etmək gülüncdür"-deyə sahibkarlardan biri bildirib.
Xatırladaq ki, göstərişlərə görə, şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pula toxunandan, siqaret çəkəndən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir.
Qapalı məkanlarda maskanın istifadəsi məcburidir. Bu, işçi heyətlə yanaşı, müştərilərə də şamil edilir.
Sahibkarların fikrincə, mövsümün necə başlayacağı barədə indidən heç bir proqnozları yoxdur. Vəziyyətin necə olacağı barədə isə bir aydan sonra danışmaq mümkün olacaq: "Bir ay sonra gəlin, ətraflı danışaq. İndi bizə də qaranlıqdır. Keçən il küləklər aman vermədi işləməyə, bu il də pandemiya".