BAKI, 6 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib. Sputnik Azərbaycan-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus maska taxmaq üçün verilən tövsiyələrin dəyişdirildiyini bildirib. Onun sözlərinə görə, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır:
"Aşkar edilmiş dəlillərə görə, ÜST hökumətlərə virusun geniş yayıldığı və fiziki məsafə saxlanılmasının çətin olduğu yerlərdə maskalardan istifadə etmələrini tövsiyə edir. Belə yerlərə ictimai nəqliyyat, supermarket və digər qapalı məkanlar daxildir".
Bununla da ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib. Qeyd edək ki, indiyə qədər ÜST tibbi maskanı yalnız koronaviruslu xəstə insanların taxmasını tövsiyyə edirdi.