BAKI, 6 iyun – Sputnik. Venesuela hökuməti koronavirus üzrə karantin qaydalarını dəyişib. Yeni qaydalara əsasən, 7 günlük iş həftəsi hər kəs üçün həftəlik fasilələrlə əvəz olunacaq.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, daha əvvəl rəsmi Karakas sanitar məhdudiyyətlərinin daha ciddi formulunu - 5+10-nu tətbiq edirdi. Vətəndaşlar 10 gün istirahət edir, 5 gün işləyirdilər.
"Yumşalmanın birinci həftəsi çox yaxşı keçdi, vətəndaşlar düşüncə və vicdan nümunəsi göstərdilər. İndi biz sanitariya tədbirlərinin ciddi şəkildə yerinə yetirilməsi şərtilə 7+7 - yeddi günlük karantindən sonra yeddi gün iş - formuluna keçirik", - deyə Venesuela Prezidenti Nikolas Maduro "Twitter"dəki mikrobloqunda yazıb.
7 + 7 metodu virusun yayılmasına həssas olan sərhədyanı rayonlarda tətbiq edilməyəcək.
Hökumətin COVID-19 epidemiyasına qarşı mübarizə tədbirləri iqtisadiyyatın 10 əsas sektorundan olan şirkətlərin işləməsinə imkan verir, baxmayaraq ki, Vitse-prezident Delsi Rodrigez önümüzdəki həftə hazırda işləməsinə qadağa qoyulmuş sənaye sahələrinin müraciətlərini nəzərdən keçirməyi vəd etmişdi.
Səhiyyə Nazirliyinin son məlumatına görə, Venesuelada 2145 COVID-19-a yoluxma hadisəsi aşkarlanıb, 20 nəfər ağırlaşma nəticəsində dünyasını dəyişib.