BAKI, 5 iyun — Sputnik. Bu gün-5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır: “Bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyətdən irəli gələrək həmrəylik nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırırıq”.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin İdarə heyətinin sədri Ramin Bayramlı da özəl qurumlara müraciət edərək, bu gün iş vaxtını saat 14:00-da yekunlaşdımağı tövsiyə edib.
Qeyd edək ki, Baş Nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.