BAKI, 4 iyun — Sputnik. İyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir.
Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.
Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaq. Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.