BAKI, 4 iyun - Sputnik, Kəmalə Əliyeva. Dənizkənarı Milli Parkda “Bakı bulvarının tarixi şəkilləri” sərgisi nümayiş etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı məlumat verib.
Sərgidə nümayiş etdirilən 100 fotoşəklin əksəriyyəti ilə geniş ictimaiyyət ilk dəfədir tanış olur. Kadrlar şəxsi kolleksiyalara, əcnəbi və yerli arxivlərə məxsusdur, həmçinin ən yüksək səviyyədə restavrasiya olunub.
"Bu şəkillər 1861-1990-cı illər ərzində dəniz sahili və Bakı bulvarının tarixini özündə əks etdirir. Sərginin açıq havada təşkilinin məqsədi Bakı bulvarının inkişafının tarixi mərhələlərini aydın şəkildə göstərmək, vətəndaşları və əcnəbi turistləri maarifləndirməkdir", - Yelmarqızı bildirib.
İdarədən bildiriblər ki, sərgi bütün yay mövsümü ərzində açıq olacaq.