İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 4 iyun — Sputnik. Bir müddət əvvəl azərbaycanlı hüquqşünas Türkel Süleymanlının koronavirus əleyhinə "E-mask" adlı maska ixtira etdiyi barədə xəbər vermişdik. Hazırda "e-mask"-ın kliniki sınaqlarının keçirilməsi üçün ABŞ-la xüsusi çərçivə müqaviləsi imzalanıb.
Bu barədə Sputnik Azərbaycan-a ixtiraçının özü məlumat verib.
Onun sözlərinə görə, maska ABŞ-da xüsusi laboratoriyalarda sınaqdan keçiriləcək: "Bilirsiniz ki, dünyanın lider ölkəsidir. Yəqin ki, 1 ay ərzində kliniki sınağın nəticəsi bəlli olacaq".
T.Süleymanlı bildirib ki, digər tərəfdən, maskanın dizaynının təkmilləşdirilməsi üçün işlər görülür: "Tələsməklə deyil. Bizim əsas məqsədimiz pul qazanmaq deyil, Azərbaycan vətəndaşlarının bu virusdan qorunması üçün bir iş görməkdir. Pandemiya davam edən, bir neçə mərhələli olan bir prosesdir. Pandemiya daha ağır - sərt vəziyyət ala bilər. Payızda pandemiyanın daha da güclənəcəyi proqnozlaşdırılır. Odur ki, biz əlimizdən gələni edirik".
İxtiraçı bildirib ki, maska təkcə COVİD-19 deyil, digər virus infeksiyalarından da qoruya biləcək.