Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 3 iyun — Sputnik. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət edib.
Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə bildirilir
"ABŞ-ın bir sıra şəhərlərində davam edən hadisələrlə əlaqədar ciddi şəkildə tövsiyə edirik ki, etiraz və kütləvi iğtişaşların baş verdiyi ərazilərdə fərdi sağlamlıq və təhlükəsizliyə yaranan təhdid və riskləri nəzərə alaraq, hazırda ABŞ-da olan Azərbaycan Respublikasının vətəndaşları həmin yerlərə getməkdən çəkinsin, iğtişaşların baş verdiyi ərazilərə səfərlərin nəzərdə tutulduğu təqdirdə belə səfərlərin təxirə salınması imkanını nəzərdən keçirsin və yaşadıqları ərazilərdə müvafiq yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının təyin etdiyi qaydalara, o cümlədən tətbiq edildiyi hallarda komendant saatına riayət etsin.
Ölkəmizin vətəndaşları ilə bağlı hər hansı bir hadisənin baş verdiyi təqdirdə Səfirliyin qaynar xəttinə məlumat verilməsi xahiş olunur. Qaynar xətt: 202 560 35 83", - məlumatda bildirilir.
Qeyd edək ki, ABŞ-ı sarsıdan iğtişaşlar dalğası Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.
Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanması üçün Milli Qvardiyanı cəlb etməyə çağırıb