BAKI, 2 iyun — Sputnik. Nümayişçilər qaranlıq düşdükdən sonra Nyu-Yorkun rayonlarından biri olan Manhettendə butikləri talan ediblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, talançıların diqqətini idman malları, məişət texnikası və zərgərlik mağazaları cəlb edib. Ümumilikdə, onlar 10-dan çox ticarət məntəqəsindən soyğunçuluq ediblər.
Gecə saatlarında küçələrdə qalan nümayişçilərin kiçik qrupları şəhərdə 23:00-dan tətbiq olunan komendant saatı rejimini pozublar.
İğtişaşların qarşısını almaq üçün Manhetten rayonuna çoxsaylı polis dəstələri göndərilib.
Çikaqoda amerikalıların izdihamı həmin vaxt yanlarından keçən qatarı talan ediblər. Hadisənin videosu sosial şəbəkədə yayılıb. Qeydə alınmış videoda soyğunçuların qatardan texnika və digər malları necə atdıqları, ortaqlarının isə oğurlanmış şeyləri seçdikləri görünür.
İğtişaşlar, vandalizm və polisə hücumlarla müşayiət olunan etirazlar ABŞ-ın onlarla şəhərini bürüyüb. Buna səbəb Minneapolis (Minnesota ştatı) şəhərində qaradərili gözətçi Corc Floydun polis tərəfindən öldürülməsi olub.
Toqquşmalar zamanı iki polis güllə yarası alıb, onlardan biri dünyasını dəyişib. Amerika hökuməti bəyan edib ki, polislə istənilən toqquşmalar və hüquq-mühafizə orqanlarına təhdidlər daxili terror aktları kimi qiymətləndiriləcək.