BAKI, 1 iyun — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2929 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib.
"Son 24 saat ərzində koronavirusa 2929 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 154145-ə çatıb. Bir gün ərzində 81 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 7878-ə çatıb", - deyə məlumatda bildirilib.
O həmçinin qeyd edib ki, virusa yoluxan 154145 şəxsdən 121008 nəfəri sağalıb.
Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,1 milyonu keçib, 372 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.