CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vahid Əhmədov Zakir Həsənovu sərt tənqid etdi – Nazirlik dərhal cavab verdi

© Photo : REPORTMilli Məclisin deputatı Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
"Millət vəkilinə xatırladırıq ki, "Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu"nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən, "müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq" verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir"

BAKI, 31 may — Sputnik. "Mayın 31-də Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir".

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda deyilir.

Bildirilir ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib: "Millət vəkilinə xatırladırıq ki, "Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu"nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən, "müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq" verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir".

Qeyd edək ki, Millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu sərt tənqid edib.

"Qafqazinfo" xəbər verir ki, deputat çıxışında Zakir Həsənovu və Nəcməddin Sadıkovu Azərbaycan dilini təmiz bilməməkdə günahlandırıb.

"Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qərargah rəisi Nəcməddin Sadıkov da azərbaycanca danışa bilmirlər. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın.

Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz, elə bil, kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq", - deyə Vahid Əhmədov fikrini bildirib.

Millət vəkili Siyavuş Novruzov isə təklif edib ki, ehtiyac yaransa, Müdafiə nazirini buraya dəvət edərik o da təkliflərini verər: "Biz haradan bilirik ki, Müdafiə naziri Ali Baş komandana öz təkliflərini verməyib?! Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr dedilər ki, Azərbaycan raket atmalıdır, biri dedi, Şuşa bombalanmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provokasiyaya getmək olmaz. Bu, uşaq oyuncağı deyil. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik".

Milli Məclisin sədri Sahibə Qafarova isə Vahid Əhmədovun çıxışını kəsərək ona sərt irad bildirib. Spiker V.Əhmədovun müzakirə olunan qanun layihəsi haqqında çıxışa yazıldığı halda mövzuya aidiyyəti olmayan məsələlərə toxunduğunu deyib.

Xəbər lenti
0