Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 31 may — Sputnik. Artıq bu gündən etbarən bəzi iri ticarət mərkəzləri fəaliyyətə başlayıb. Sputnik Azərbaycan Bakının ən böyük topdan və pərakəndə satış mərkəzlərindən olan Sədərək Ticarət Mərkəzində olaraq karantin müddətində fəaliyyəti ilə maraqlanıb. İki aydan çoxdur ki, bağlanan ticarət mərkəzi artıq bu gün səhər saatlarından açılıb. Burada çalışan satıcılar Sputnik Azərbaycan-a bildiriblər ki, onları buraya ticarət mərkəzinin rəhbəri çağırıb. Şahin Məmmədov adlı satıcı bildirib ki, ticarət mərkəzi bu gündən açılsa da, alış-verişə sabahdan başlanacaq: "Bizi çağırdılar ki, hər kəs gəlib öz mağazasını təmizləsin, sabaha hazır etsin. Ona görə biz də gəlmişik mağazanı açıb, təmizlik işi aparaq. İki aydan çoxdur ki, evdəyik. İri ticarət mərkəzlərinin açılması bizi sevindirdi".
Apardığımız müşahidələr zamanı satıcıların mütləq əksəriyyətinin tibbi maskadan istifadə etdiyinin şahidi olduq. Satıcılar bildirdilər ki, tibbi maskanın istifadəsi ilə bağlı ticarət mərkəzi rəhbərliyi də onlara ciddi tapşırıq verib: "Bizi zəng edib çağıranda tapşırdılar ki, tibbi maskasız gəlməyək. Kimin tibbi maskası yoxdursa, ticarət mərkəzində fəaliyyətinə icazə verilməyəcək".
Qeyd edək ki, Sədərək Ticarət Mərkəzi qapalı alış-veriş mərkəzi olduğundan burada tibbi maskadan istifadə çox vacibdir. Bu ticarət mərkəzinə daha çox alıcı gəldiyindən daim sıxlıq müşahidə olunur.
Satıcılarla söhbət zamanı onlar da tibbi maskanın istifadəsinin məcburi olması barədə qərarla razı olduqlarını bildirdilər. Gülarə Abdullayeva adlı satıcı deyir ki, onlar da öz səhhətlərindən narahatdırlar: "Biz alıcılardan da xahiş edirik ki, tibbi maskasız buraya gəlməsinlər. Ola bilər ki, virus kimdəsə var, bizə keçmə təhlükəsi var. Ticarət Mərkəzində isə bir nəfərdə bu virus olarsa, sürətlə yayılma riski var".
Satıcılar bildirdilər ki, ticarət mərkəzində bir-birinə yaxın olan piştaxtalarda fəaliyyətə icazə verilməyəcək.
Onlar ticarət mərkəzi bağlanandan yer pulu tələb olunmadığını da söylədilər. Qeyd edək ki, bazarda mağaza sahibləri öz obyektlərini açsalar da alıcı gözə dəymirdi. Satıcılar isə mağazalara görə icarə haqqı ödədiklərini, karantin tələblərinə əməl etməklə alış-verişin bərpasına razı olduqlarını bildirdilər: "Əgər alış-veriş olmasa, biz də icarə haqqını ödəməkdə çətinlik çəkəcəyik. İki aydır, icarə haqqına güzəşt edilib. Bu aydan icarə pulunu verməliyik. Ticarət Mərkəzinə alıcı gəlməsə, bizim də işimiz çətin olacaq. Ona görə də, tibbi maska ilə alış-verişə razıyıq".