Ötən həftə bir sıra maraqlı və kədərli hadisələrlə yadda qalıb. Kəraçidə "Pakistan Hava Yolları"nın təyyarəsi qəzaya uğrayıb. 97 nəfər fəlakətin qurbanı olub. Təyyarə qəzaya uğramadan əvvəl pilotlar "mühərrikin sıradan çıxdığını" bildirməyə müvəffəq olublar.
Livanın paytaxtı Beyrutda yenidən hökumət əleyhinə mitinqlər baş qaldırıb. Polislə toqquşmaların və yaralıların olduğu bildirilir. Xatırladaq ki, bu ölkə uzun müddətdir iqtisadi və siyasi böhran içindədir.
ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi üsyanlara səbəb olub. Minneapolis şəhərində və onun ətrafında fövqəladə vəziyyət elan edilib. Etirazçılar polis idarəsini dağıdıblar və asayiş keşikçiləri ilə toqquşmalara başlayıblar.
Keçən həftə planetimizdə nələrin yaşandığını bir daha xatırlamaq üçün dünyanın müxtəlif yerlərindən toplanan fotoşəkillərə nəzər salmağı təklif edirik.
Dünya informasiya agentliklərinin fotomüxbirləri tərəfindən fotokameranın yaddaşına köçürülmüş unudulmaz hadisələr, həmçinin emosional anlar - Sputnik Azərbaycan-ın həftəlik fotoyığmasında.