Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 31 may — Sputnik. Bu gündən etibarən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılır. Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “mall”ların fəaliyyəti onların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla bərpa olunub. Sputnik Azərbaycan paytaxt sakinlərinin daha çox üz tutduğu iri ticarət mərkəzlərinin karantin dövründə necə fəaliyyət göstərdiyini araşdırıb.
"Park Bulvar" AVM də bu gün fəaliyyətini bərpa edən böyük ticarət mərkəzlərindəndir. Ticarət mərkəzinin girişinə temperaturu ölçən və dezinfeksiyaedici avadanlıq qoyulub. Buradakı mağazalardan alış-veriş etmək məqsədilə ticarət mərkəzinə gələn maskasız müştərilərə tibbi maskalar paylanılırdı. Girişdəki mühafizəçi müştərilərin temperaturunu ölçən avadanlığa və müştərilərin hərarətinə nəzarət edir. Müştərilər arasında tibbi maska taxanlar olsa da, maskasız gələnlər də vardı. Onlara ticarət mərkəzinin işçiləri tərəfindən tibbi maskadan istifadənin zəruri olduğu izah edilir və maska ilə təmin olunurdular. Həmçinin ticarət mərkəzində müştərilərə koronavirusla bağlı səsgücləndirici qurğu ilə məlumat verilirdi. Eyni zamanda ticarət mərkəzində koronavirusla bağlı tövsiyə xarakterli məlumatlar yerləşdirilmişdi. Mağazalarda isə satıcılar arasında tibbi maskası olmayana, demək olar ki, rast gəlmədik.
"Park Bulvar" AVM-nın marketinq və PR-meneceri Günay Novruzqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ticarət mərkəzi karantin rejiminin tələblərinə uyğun fəaliyyətə başlayıb: "Artıq bu gündən etibarən "Park Bulvar" AVM öz fəaliyyətini bərpa edib. Ticarət Mərkəzindəki mağazalar bu gündən fəaliyyət göstərsələr də, buradakı uşaq və əyləncə mərkəzli, kinoteatr, ictimai iaşə məkanları olan restoran-kafelər bağlıdır. Gördüyünüz kimi, ticarət mərkəzinin girişində insanların hərarətini yoxlayan termokameralar quraşdırılıb. Əgər məkana gələnlərin hansındasa termokamera yüksək hərarət olduğunu göstərərsə, dərhal lazımi yerlərə müraciət olunur. Bu gün ilk gün olduğu üçün müştərilərin çoxu tibbi maskasız idi. Biz onların hər birini tibbi maska ilə təmin etdik. Girişdə həmçinin dezinfeksiyaedici aparatlar var. Ticarət Mərkəzində hər yarım saatdan bir müştərilərə koronavirusun təhlükəsi, ictimai yerlərdə davranış qaydaları izah olunur. Bütün mağazalarda işçilər maska ilə xidmət göstərirlər. Hər bir mağazada dezinfeksiyaedici məhlullar var. Kassalarda müştərilərin ara məsafəsi saxlamasına ciddi nəzarət olunur. Bütün bunlar "Park Bulvar" AVM-də çalışan və buraya gələn müştərilərin koronavirusa yoluxmaması üçün görülən zəruri tədbirlərdir".
G.Novruzqızı bildirdi ki, ticarət mərkəzi hər gün dezinfeksiya olunacaq. Bundan əlavə, peşəkar dezinfeksiya şirkəti ilə də müqavilə bağlanılıb: "Həmin müqaviləyə əsasən, şirkət həftədə bir dəfə "Park Bulvar" AVM-də dezinfeksiya işləri aparacaq".