BAKI, 29 may — Sputnik. “Gələn həftədən ölkə daxilində uçuşlar bərpa edilə bilər”.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov danışıb. Onun sözlərinə görə, bununla bağlı xüsusi qaydalar müəyyənləşdiriləcək və onlar təyyarəyə giriş və çıxışda tətbiq ediləcək.
İ.Məmmədov qeyd edib ki, beynəlxalq uçuşların bərpası tək Azərbaycandan asılı deyil: "Əgər beynəlxalq uçuşlar bərpa olunacaqsa, bizim başqa ölkələrdən koronavirusla bağlı testdən keçmə ilə bağlı sənədləri qarşılıqlı tanıma mexanizmi olmalıdır. Yəni Azərbaycanda karantindən keçən şəxsin Türkiyədə karantindən keçməsinə ehtiyac olmasın. Başqa ölkələrdən Azərbaycana qayıdışla bağlı bu, mühüm məqamdır".
Onun sözlərinə görə, iyunun birinci həftəsindən ABŞ-dan çarter reysinin təşkil edilə bilər, bu məsələyə baxılır. Mayın 30-da isə Londondan 40-dan çox vətəndaşımız ölkəyə gətiriləcək.