BAKI, 29 may — Sputnik. Azərbaycanda koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür.
Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, Gəncə-Qazax bölgəsində yoluxma 13, 6 faiz, Aran bölgəsində 11,1 faiz, Lənkəranda 9.2 faiz təşkil edir.
R.Bayramlı qeyd edib ki, Gəncədə 481, Masallıda 47, Xaçmazda 31 yeni koronavirusa yoluxma faktı aşkarlanıb: “Son günlər həmin rayonlarda yoluxma yüksək olub. Masallının Əlişan kəndində 12 nəfər, Xaçmazın Köhnə Xaçmaz kəndində 12, Beyləqanın Şahsevən kəndində 5 nəfər koronavirusa yoluxub. Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdə yoluxma yüksək səviyyədədir. Kürdəmirin Sığırlı kəndində 31 nəfərdə yoluxma aşkarlanıb. Bakıda Yasamal, Sabunçu, Nəsimi, Binəqədi, Nərimanov, Xətai, Qaradağ, Suraxanı, Nizami rayonlarında yoluxma daha yüksək olub. Bakının digər rayonlarında yoluxma 3 faizdən aşağıdır”.
TƏBİB rəsmisi eləcə də bildirib ki, ötən həftələrlə müqayisədə vəfat edənlərin və ağır xəstələrin sayı artsa da, ciddi artım yoxdur: “Koronavirusa yoluxanların sayı sağalanların sayından azdır. Bu da tibb müəssisələrinin ötən dövrdə müasir tələblərə cavab verəcək səviyyəyə gətirilməsinin, həkimlərin gərgin əməyinin nəticəsidir”.