BAKI, 29 may — Sputnik. Koronavirusdan ölənlərin yaş faizi açıqlanıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı danışıb. Onun sözlərinə görə, vəfat edənlərin 20 nəfəri 60-69 yaşdadır: “Bu isə ölənlərin 34 faizini təşkil edib. Ümumilikdə vəfat edənlərin 2 faizi, yəni 1 nəfər 30-39 yaş, 3 faizi, yəni 2 nəfəri 40-49 yaş, 13 nəfəri, yəni 22 faizi 50-59 yaş, 17 nəfəri, yəni 29 faizi 70-79 yaş, 5 nəfəri, yəni 9 faizi 80 yaşdan yuxarı şəxslərdir”.
TƏBİB rəsmisi qeyd edib ki, kütləvi yoluxma halları əsasən yas mərasimlərində baş verir: “Yoluxma baş verdikdən sonra analizlər aparılır. Analizlər göstərir ki, yoluxmaların əksəriyyəti yas yerlərində baş verir. Xüsusən, yaşlı insanların və qadınların yas yerlərində toplaşması yoluxmaya səbəb olub. Vətəndaşları qaydalara riayət etməyə dəvət edirik”.