BAKI, 27 may — Sputnik. Regionlarımızda da koronavirus epidemiyası əleyhinə zəruri tədbirlər barədə maarifləndirici və məlumat xarakterli aksiyalar davam edir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, sosial məsafənin qorunması, tibbi maskalardan və əlcəklərdən istifadə edilməsinin vacib olduğunu xatırladan məlumatlar dayanacaqlarda və avtobusların salonlarında sərnişinlərə təqdim edilir: "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional şöbələri üzrə müfəttişləri sutkanın müxtəlif saatlarında dayanacaqlarda və avtobus salonlarında sərnişinləri lazım olduğu təqdirdə tibbi maskalarla təmin edirlər. Regionlarımızda avtobusların və taksi minik avtomobillərinin salonlarında şəffaf arakəsmələrin quraşdırılması yekun mərhələsindədir. Şəffaf arakəsmələri olmayan taksi minik avtomobilləri ilə şəhərlərarası (narıncı zonaya daxil olan bölgələr istisna) sərnişin daşınmasına izn verilmir".