Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 27 may — Sputnik. Sərnişindaşımanın keyfiyyəti aşağı olan ərazilərdə xətlərdəki köhnə avtobuslar yeniləri ilə əvəz olunacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. O deyib ki, bu işlər davamlı olaraq aparılmaqdadır: "Görülən işlər nəticəsində Bakı şəhərində avtobus parkının 45 faizinin yenilənməsinə nail olunub. Bu il üçün əlavə 415 avtobusun alınıb gətirilməsi planlaşdırılır. Artıq 115 avtobusun alınması ilə bağlı işlər yekunlaşdırılıb. Bundan əlavə, avtobus parkının yenilənməsi növbəti illərdə də davam etdiriləcək. Əsasən Bakıətrafı kənd və qəsəbələrə sərnişin daşıyan avtobusların yenilənməsi nəzərdə tutulur".