BAKI, 27 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 7774-ə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 372 nəfər artıb.
Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 98-ə çatıb. Xəstəlikdən sağalanların sayı 3255-ə çatıb. Hazırda Ermənistanda 4377 nəfər virusdan müalicə alır.
Qonşu Gürcüstanda isə son sutka ərzində 3 nəfərdə virus təsbit olunub, bununla da ölkədə koronavirus aşkarlanan şəxslərin sayı 735-ə çatıb. Gürcüstanda COVID-19-dan 557 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 3076, stasionar nəzarətdə isə 250 nəfər saxlanılır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,6 milyonu keçib, 350 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.