BAKI, 26 may — Sputnik. Braziliyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 807 nəfər vəfat edib.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Braziliyada Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusdan ölənlərin sayı 23 min 473 nəfərə çatıb.
Qeyd edilir ki, Braziliyada daha 11 min 687 nəfərin koronavirusa yoluxması təsdiqlənib. Bununla da ölkədə COVID-19-a yoluxma hallarının ümumi sayı 374 min 898-ə çatıb.
Latın Amerikada ən çox yoluxma və ölüm halları Braziliyada qeydə alınıb. Hazırda yoluxma sayına görə Braziliya ABŞ-dan sonra ikinci yerdədir.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.