BAKI, 26 may – Sputnik. Yarımmüdafiəçi Ayaz Quliyev Moskvanın “Spartak” klubunun ikinci komandasına keçirilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Bildirilir ki, Azərbaycan əsilli futbolçunun fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə sözü düz gəlməyib. Sonuncu hazırda iki həftəlik karantində saxlanan baş məşqçi Domeniko Tedeskonun əvəzinə komandaya rəhbərlik edir. Ayaz Quliyevin Çipzanoviçin bütün göstərişlərinə şübhə ilə yanaşaraq intizamı pozduğu deyilir.
Bu səbəbdən komanda rəhbərliyi oyunçunu mövsümün sonunadək “Spartak-2”yə göndərməyi, sonra isə hansısa kluba icarəyə verməyi düşünür.
23 yaşlı Ayaz Quliyevin əvəzinə isə əsas komandada yarımmüdafiəçi Konstantin Şiltsov oynayacaq.
Qeyd edək ki, Quliyev ötən il piyadanı döyməsi ilə yadda qalmışdı. Onu bu hərəkətinə görə 4 ay müddətinə sürücülük vəsiqəsindən məhrum etmişdilər.