BAKI, 25 may — Sputnik. "Bu gün qlobal media məkanında "Sputnik" brendi özünəməxsus yer tutur. Bu mənada Azərbaycanın media məkanında formalaşmış Sputnik xəbər agentliyi doğruluğu, dürüstlüyü və operativliyi ilə yanaşı, milli-mədəni, tarixi ənənələr baxımından xüsusi istiqamət yarada bilib".
Bu sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov Sputnik Azərbaycan ailəsini təbrik edərkən deyib.
"Fəaliyyət göstərdiyi müddətdə agentliyiniz Azərbaycan paytaxtının ictimai sərnişindaşıma sahəsində xüsusi yeri olan "Bakı metropoliteni"nin fəaliyyətinə Azərbaycan dili ilə yanaşı, rus dilində də obyektiv yanaşıb, qərəzsizliyi ilə seçilib. Bu agentlik metropolitenin geniş spektrli fəaliyyəti, cəmiyyətdə oynadığı rolu barədə məlumatların təkcə Azərbaycan oxucusu deyil, eyni zamanda rus dilinin geniş yayıldığı və Sputnik-in fəaliyyət göstərdiyi bütün ölkələrin oxucuları arasında da yayılmasını təmin edir. Təkcə ötən bir il ərzində agentliyin Bakının yeraltı polad magistralının çoxşaxəli fəaliyyət sahələrindən reportajları, habelə metropolitenin önəmli sosial layihələrinə, metropoliten əməkdaşlarının əməyinə, ələlxüsus veteranlara həsr olunmuş məqalələri, fotoreportajları metropoliten haqqında obyektiv fikrin formalaşmasında əhəmiyyətli rol oynayıb", - deyə Zaur Hüseynov bildirib.
"Azərbaycanda obyektiv informasiya məkanının gücləndirilməsi, beynəlxalq aləmdə ölkəmiz haqqında təsəvvürlərin genişlənməsi naminə fəaliyyətinizdə bütün kollektivinizə uzun illər səmərəli fəaliyyət, yeni-yeni maraqlı layihələr arzulayıram", - "Bakı Metropoliteni" QSC-nin sədri əlavə edib.