Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 23 may — Sputnik. Sərt karantin dövründə Bakıda metronun 40 günə yaxın bağlı olması avtobuslarda sıxlığa səbəb oldu. İctimai nəqliyyatdakı bu rahatsızlıq sərnişindaşımada problemləri bir daha ortaya qoydu.
Dünyanın əksər ölkələrində metroya alternativlər olsa da, Azərbaycanda bu yoxdur. Daha doğrusu, karantin günlərində şərti nömrəsi M1, M2, M3 olan alternativlər yaradıldı. Onların işi və yükü isə heç kimi sona qədər qane etmədi. Bu isə o deməkdir ki, metronun fəaliyyəti nə zamansa, müvəqqəti olaraq yenidən dayandırılarsa, metronun əvəzləyən müntəzəm marşrut xətlərində yenidən sıxlıq olacaq.
Bəs, BRT (Bus Rapid Transit),yaxud da BRT-nin digər adı olan metrobüslər Azərbaycanda da yaradıla bilərmi?
Şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Bəzi ölkələrdə bu şəbəkə metrobüs adlandırılsa da, əslində bu termin beynəlxalq dildə BRT adlanır. 2015-ci ildə Asiya İnkişaf Bankının qrantı sayəsində Bakıda bununla bağlı olaraq aparılan araşdırmanın yekunu olaraq hökumətə təkliflər verilmişdi. Lakin təəssüflər olsun ki, o zaman bu təkliflər qəbul olunmamışdı. Bakı şəhərində BRT-in lazımlılığına gəldikdə isə deyim ki, BRT şəbəkəsi relsli sistemlərin tikilməsinə vəsait olmadıqda, yaxud da qısa zamanda nəsə etmək zərurəti yarandıqda həm metroya, həm də tramvaya alternativ olaraq daha səmərəli, ucuz bir vasitə hesab olunur".
H.Abdullayev deyir ki, BRT şəbəkəsi küçələrin ortası ilə ayrılmış avtobus yollarıdır: "Bu avtobusların üstünlükləri var. İşıqforlar elə quraşdırılır, elə tənzimlənir ki, avtobus yaxınlaşanda ona yaşıl işıq göstərilir. Bundan əlavə, BRT-də giriş-çıxış üçün ayrılan zaman qısa müddət tələb etdiyindən vaxt itkisinin qarşısı alınır. BRT bir növ avtobus nəqliyyatı üzərində daha üstün bir şəbəkə tutumudur".
"Düşünürəm ki, Bakıya daha çox tramvay sistemi lazımdır. Lakin bu o demək deyil ki, Bakıda BRT sistemi tətbiq olunmamaldır. BRT sisteminə xas olan avtobus zolaqlarının ayrılması, avtobusların prioritetləşdirilməsi və s. bu kimi məsələlər çox vacibdir. Bu sistemin xüsusiyyətləri tətbiq olunmalıdır. Xüsusən də avtobusların sıx hərəkət etdikləri dəhlizlərdə bu cür yanaşmalar tətbiq oluna bilər", - deyə ekspert əlavə edib.
H.Abdullayev deyir ki, Bakıda tramvay yollarının keçmədiyi və avtobusların sıx olduğu ərazilərdə bu yanaşmanı tətbiq etmək olar: "Qara Qarayev küçəsi, Heydər Əliyev prospektində BRT sistemini rahatlıqla təşkil etmək olar. BRT yolları yol kənarı ilə hərəkət edən avtobuslardan daha üstün olmalıdır. Avtobus yolunun BRT sayılması üçün bir neçə meyar var".
"Bunun üçün onun yolları ayrılmalıdır. Onun xüsusi olaraq ayrılmış yolu olmalıdır. Bundan başqa, adi avtobus sistemindən fərqli olaraq dayanacaqlar sıx məsafədə yerləşmir. Bu da hazırkı müntəzəm avtobus xətlərini bizə xatırlada bilər" deyən ekspert əlavə edir ki, BRT şəbəkəsi ilə hazırda metroya alternativ olan M xətləri arasında müəyyən oxşarlıq olsa da, fərqlər də az deyil.
H.Abdullayev bu fərqlərdən də danışıb: "Bir çox ölkələrdə BRT sistemində çalışan avtobusların qapıları sağ deyil, solda olur. Bu stansiyalar ada stansiyalarını xatırladır. İstanbulda belə avtobuslar nəqliyyat axının tam əksinə hərəkət edir. Lakin M avtobuslar metrobüs hesab edilə bilməz. BRT olmaq üçün M-lər əksər tələblərə cavab vermir. Bircə dayancaqların arası məsafənin çox olması onlar arasında oxşarlıqdır".