BAKI, 22 may — Sputnik. Mayın 21-də günorta saatlarında Səbail rayonu Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları çəkiliş edən zaman kanalın avadanlıqları naməlum şəxs tərəfindən oğurlanıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu barədə polisə məlumat verən televiziyanın əməkdaşları oğurlanan 2 ədəd çəkiliş relsinin ümumilikdə dəyərinin 1800 ABŞ dolları olduğunu bildiriblər.
Ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəsini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynov saxlanılıb. O, ifadəsində qeyd edib ki, oğurladığı relsləri Xətai rayonunda yerləşən əlvan metal qəbulu məntəqəsinə 60 manata satıb. Bölmə əməkdaşları tərəfindən həmin avadanlıqlar satıldığı yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 39-cu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Füzuli Hüseynovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.