BAKI, 22 may — Sputnik. Son günlər bölgələrdə mal-qaranın yaylağa köçürülməsi prosesi başlayıb. Təəssüflər olsun ki, köç prosesi bəzən asfalt örtüklü yollar vasitəsi ilə həyata keçirilir. Bu isə həm sürücülər, həm də mal-qara və onu ötürənlər üçün təhlükə yaradır, hətta bəzən yol nəqliyyat hadisələrinə səbəb olur.
Sputnik Azərbaycan xəbər verir ki, "Yol Hərəkəti Haqqında" Qanunda da qeyd olunub ki, mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır, o cüməldən sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi mal-qara sahiblərinə xəbərdarlıq edərək mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmənin qadağan olduğunu, sürücülərə isə belə hallarla rastlaşarkən diqqətli olmağı və hərəkət sürətini minimuma endirmənin zəruri olduğunu bildirir.